Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları Erasmus+ “Work4CE” layihəsi çərçivəsində İspaniyada keçirilən növbəti təlim həftəsində iştirak etmişdirlər

Gömrük Akademiyasının əməkdaşları Erasmus+ “Work4CE” layihəsi çərçivəsində İspaniyada keçirilən növbəti təlim həftəsində iştirak etmişdirlər

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) doqquz ali təhsil müəssisəsinin birgə tərəfdaşlığı ilə icra olunan Erasmus+ Work4CE konsorsium layihəsi çərçivəsində İspaniyanın Bilbao şəhərində 07-11 mart 2022-ci il tarixlərində təşkil edilmiş "Train-the-Trainer" (Təlimçilərin Təlimi) tədbirində təmsil edilmişdir. Avropanın 6 ali təhsil müəssisəsinin və Gömrük Akademiyası da daxil olmaqla Azərbaycanın 3 ali təhsil müəssisəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin təşkilatçısı Bask Ölkəsinin Universiteti (Universidad del Pais Vasco - UPV) və xüsusilə onun Mühəndislik fakültəsi olmuşdur.

Təlimlərin ilk günü Akademiya rəisi Qulu Novruzovun UPV rektoruna ünvanladığı məktub və Universitetin kitabxana fonduna hədiyyə etdiyi Dövlət Gömrük Komitəsinin 30 illik yubileyi münasibətilə hazırlanmış kitab UPV-nin nümayəndələrinə təqdim edilmişdir. UPV-nin professoru Xosera Otegi Akademiya rəhbərliyinə dərin minnətdarlığını bildirərək UPV-nin Akademiya ilə qarşılıqlı sahələr üzrə ikitərəfli əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır.

Təlim gündəliyinə uyğun olaraq, 09 mart İnformasiya texnologiyaları və texniki elmlər kafedrasının müdiri Babək Abbasov və Akademiyanın beynəlxalq əməkdaşlıq üzrə koordinatoru, həmçinin layihənin meneceri Elvin Mecidov layihə çərçivəsində DGKA tərəfindən hazırlanmış "Rəqəmsal texnologiyalar" modulunun, xüsusilə  onun didaktik konseptinin təqdimatı ilə çıxış etmişdirlər. Daha sonra təlim iştirakçıları komandalar daxilində praktiki tapşırıqlar yerinə yetirmişdirlər.

Səfər zamanı tədbirdə iştirak edən bir sıra xarici ali təhsil müəssisələrinin nümayəndələri ilə layihə çərçivəsində birgə fəaliyyət imkanları, DGKA ilə qurulacaq ikitərəfli əməkdaşlığın sahələri və digər maraq doğuran mövzular üzrə geniş müzakirələr aparılmışdır.

Qeyd edək ki, 2020-ci ildə başlanmış və 2023-cü ilin noyabr ayınadək davam edəcək layihə Dördüncü Sənaye İnqilabının (“Sənaye 4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların (“İşçi Qüvvəsi 4.0”) müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun hazırlanması (“İşçi Qüvvəsi 4.0”) hədəfinə xidmət edir. Gömrük Akademiyasının bu layihədə iştirakının məqsədi Azərbaycanda gömrük sahəsi üzrə təlim-tədrisin “Sənaye 4.0” və “İşçi Qüvvəsi 4.0” tələbatlarına, xüsusilə milli gömrük qurumlarının rəqəmsal transformasiyasına uyğunlaşdırılaraq təkmilləşdirilməsi, həmçinin ölkəmizin gömrük xidməti orqanlarının peşəkar və ixtisaslaşmış gömrük kadrları ilə təminatını dəstəkləməkdir.