Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında "Enactus" proqramı haqqında infosessiya keçirilib
Gömrük Akademiyasında "Enactus" proqramı haqqında infosessiya keçirilib
Martın 4-də Dövlət Gömrük Komitəsinin Akademiyasında “Enactus” qlobal sosial innovasiya müsabiqəsi barəsində infosessiya keçirilib. Tədbirdə Akademiyanın əməkdaşları, tələbələr və “Enactus Azərbaycan” proqramının nümayəndələri iştirak ediblər. Dövlət Gömrük Komitəsinin Akademiyasının "Enactus" komandasının təşkilatcılığı ilə keçirilən tədbirdə “Enactus Azərbaycan” təşkilatının proqram direktoru Rəşad Zeynalov proqramın fəaliyyətini əks etdirən geniş təqdimatla çıxış edib.
Proqramın əsas məqsədinin tələbələr arasında sahibkarlıq fəaliyyətini inkişaf etdirməkdən və gələcəyin sahibkarlarını yetişdirməkdən ibarət olduğunu qeyd edən R.Zeynalov layihənin mahiyyəti haqqında tələbələrə geniş məlumat verib. Eyni zamanda, proqram direktoru tələbə komandalarının formalaşmasında vacib məqamları, komanda arasında vəzifə bölgüsünün əhəmiyyətini qeyd edib. O, komandaların formalaşdırılması, hazırlanacaq layihələrin meyarları və hər il təşkil olunan Milli yarış və Dünya Kuboku barəsində də danışıb.
Gənclərin innovativ layihələrə cəlb edilməsinin, sahibkarlıq ideyasının tələbələr arasında təbliğ edilməsinin önəmini vurğulayan Rəşad Zeynalov bu istiqamətdə Akademiyanın “ENACTUS” komandasına uğurlar arzulayıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Məlumat üçün qeyd edək ki, tələbə-gənclərin sahibkarlığa dair kreativ ideyalarından ibarət layihələrin qiymətləndirilməsi üçün yarış və təlimlərdən ibarət layihə 2005-ci ildən etibarən Azərbaycanda da keçirilir. Dövlət Gömrük Komitəsinin Akademiyasının "Enactus" komandası da proqram çərçivəsində ötən il 18 universitet arasında keçirilən onlayn milli çempionatda iştirak edərək təqdim etdiyi "KhariSell" layihəsi ilə 2-ci yeri qazanıb.