Gömrük Akademiyasında professor-müəllim heyəti ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ilinin yaz semestrində Akademiyada müxtəlif fənləri tədris edəcək professor-müəllim heyəti ilə görüş keçirilib. Yeni semestrdə tədris prosesinin əsas fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə keçirilən tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və tədrisə cəlb olunan professor-müəllim heyəti iştirak ediblər.
Tədbirdə giriş nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq yeni semestrdə professor-müəllim heyətinə uğurlar arzu edib. O, Akademiyada innovativ və səmərəli texnologiyaların tətbiqi ilə həyata keçirilən tədris prosesi haqqında ətraflı bəhs edib. Beynəlxalq əməkdaşlığın prioritet istiqamət olduğunu vurğulayan Qulu Novruzov Akademiyanın bir sıra xarici ölkələrin ali məktəbləri ilə qurulan qarşılıqlı əməkdaşlıq münasibətlərinə də toxunub.
Xüsusi təyinatlı ali təhsil müəssisəsi olaraq Akademiyada nizam-intizama yüksək önəm verildiyini qeyd edən Akademiya rəisi tələbələrin formalaşmasında və təlim-tərbiyə prosesində tədrisi həyata keçirən müəllimlərin də vacib rol oynadığını qeyd edib. Sonda Qulu Novruzov cari tədris ilində Akademiyanın pedaqoji heyətinin qarşıda duran bütün vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edib.
Daha sonra Akademiyanın müvafiq strukturlarının əməkdaşları çıxış edərək 2021/2022-ci tədris ilinin yaz semestrində tədris prosesinin təşkili, keçirilən dərslərin effektivliyinin artırılması, tələbələrin biliyinin qiymətləndirilməsi, imtahan sessiyasının keçirilməsi qaydaları və digər məsələlərlə bağlı ətraflı məlumat veriblər. Tədbirdə həmçinin tələbələrin elmi fəaliyyətlərə cəlb olunmasında professor-müəllim heyətinin aktiv iştirakının əhəmiyyəti də xüsusi olaraq vurğulanıb.
Görüşün sonunda müzakirə edilən məsələlərlə bağlı müəllimlərin rəy və təkliflərinə münasibət bildirilib və onların çoxsaylı sualları cavablandırılıb.