Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “20 yanvar - Qəhrəmanlıq, milli qürur dastanı” adlı tədbir keçirilib

Gömrük Akademiyasında “20 yanvar - Qəhrəmanlıq, milli qürur dastanı” adlı tədbir keçirilib

     Dövlət Gömrük Komitəsinin Akademiyasında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 yanvar- Qəhrəmanlıq, milli qürur dastanı” adlı tədbir keçirilib. Akademiyanın rəhbərliyinin, Türk Standartları İnstitutunun (TSE) Azərbaycandakı nümayəndələrinin, Akademiyanın əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Daha sonra 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

     Akademiyanın rəisi Qulu Novruzov tədbiri giriş sözü ilə açaraq, bu faciənin Azərbaycanın müstəqillik tarixində qan yaddaşı olmaqla yanaşı, həm də şərəf və qürur səhifəsi olduğunu qeyd edib. O bildirib ki, 32 il ötsə də, törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir və Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.Faciənin baş verdiyi dövrə nəzər salan Qulu Novruzov o dövrün gərgin ictimai-siyasi hadisələri, siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edərək 20 Yanvar faciəsi ilə Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyini vurğulayıb. Həmçinin Q.Novruzov məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini qeyd edib. Bu gün isə Ulu Öndərin uğurlu siyasətinin cənab Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirildiyini vurğulayıb. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi  8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınaraq Azərbaycan xalqı bütün dünyada Qalib xalq kimi tanınıb.

     44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyindən söz açan Q.Novruzov  Azərbaycan və Türkiyə münasibətlərinin qardaşlıq və həmrəylik nümunəsi olduğunu bildirib və iki qardaş ölkənin tarixi birliyinin gələcək nəsillərə miras olaraq qalacağını vurğulayıb.

     Akademiya rəisigənclərə Azərbaycan xalqının başına gələn faciələri, xalqımızın şanlı keçmişini, xüsusən müstəqillik dövrünün tarixini dərindən öyrənməyi tövsiyə edib və gələcək nəsillərə də qəhrəmanlıq və zəfərlərlə dolu bir tarixin ötürülməsinin vacibliyini vurğulayıb.

     Daha sonra tədbirdə Akademiyanın tələbələri 20 Yanvara həsr olunmuş çıxış və şeirlər səsləndiriblər.