Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Polşa Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib

Gömrük Akademiyasında Polşa Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib

     Yanvarın 18-də Polşanın Azərbaycandakı səfiri Rafal Poborski və səfirliyin siyasət və iqtisadiyyat şöbəsinin birinci katibi Bartoş Musialoviç Dövlət Gömrük Komitəsinin Akademiyasının qonağı olub. 

     Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. Akademiyanın rəisi səfirə Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib və iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. Akademiyanın son illərdə inkişaf edən beynəlxalq əməkdaşlıq fəaliyyətindən bəhs edən Q.Novruzov Akademiya tələbələrinin iştirak etdiyi beynəlxalq mübadilə proqramlarını qeyd edərək gələcəkdə Polşanın ali təhsil müəssisələri ilə də baş tuta biləcək birgə layihə və proqramların perspektivindən söz açıb. Qulu Novruzov səfirin Polşadakı ali təhsil müəssisələri ilə beynəlxalq əlaqələrin qurulmasındakı və əməkdaşlıq baxımından yeni istiqamətlərin müəyyən edilməsindəki rolunu xüsusi qeyd edərək gələcəkdə akademik sahədə əməkdaşlığın inkişafı baxımından uğurlu addımların atılacağına əminliyini vurğulayıb. 

     Daha sonra Gömrük Akademiyasının fəaliyyəti ilə bağlı geniş təqdimat nümayiş etdirilib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski hər iki ölkənin beynəlxalq səviyyədə bir-birini dəstəkləməsinin önəmli və vacib məsələ olduğunu bildirib. O, Azərbaycanın işğal altındakı torpaqlarının azad etməsinin ölkənin və regionun gələcək inkişafında xüsusi rol oynayacağını və Polşanın Şərq Tərəfdaşlığı ölkələrində sabitliyin təmin olunmasında maraqlı olduğunu qeyd edib.

     R.Poborski səfir olaraq təhsil sahəsində əməkdaşlığın daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. O, görüşdə müzakirə olunan məsələlərin qarşılıqlı əməkdaşlıq üçün çox önəmli olduğunu vurğulayaraq gələcək perspektivlərin reallaşmasının vacibliyini qeyd edib. Səfir həmçinin Polşa Respublikası tərəfindən elan olunan təqaüd proqramları və bu proqramlarda tələbələrin iştirakı barədə də ətraflı məlumat verib.

     Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyəti ilə tanış olub və imtahanların gedişini izləyiblər.