Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib
Gömrük Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Dekabr - “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni ilə həsr olunmuş geniş bayram tədbiri keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri iştirak edib.
Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixini özündə əks etdirən videoçarx nümayiş olunub.
Akademiyanın rəisi general-mayor Qulu Novruzov tədbirdə giriş nitqi ilə çıxış edib. O, bu əlamətdar tarixin qeyd olunmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışaraq bildirib ki, Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu bəyan edib, xaricdə yaşayan azərbaycanlılarla məqsədyönlü iş aparılmağa başlanılıb. 2021-ci ilin Azərbaycan tarixində bir sıra mühüm hadisələrlə yadda qaldığını qeyd edən Q.Novruzov, birlik və həmrəylimizi dünyaya bir daha bəyan edən 44 günlük Vətən müharibəsində xalq-ordu-iqtidar birliyinin şanlı Qələbənin əldə edilməsində mühüm rol oynadıdığını qeyd edib. Döyüş meydanında, diplomatiyada, informasiya müharibəsində birlik və həmrəylik göstərən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad edib.
Akademiya rəisi bu əlamətdar hadisənin mahiyyətinin, tarixinin, eyni zamanda, dəyərinin gənclərimiz üçün çox vacib olduğunu deyib. Hazırda müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün bu bayramın böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Qulu Novruzov yola saldığımız ilin Akademiyanın fəaliyyəti ilə bağlı da yaddaqalan olduğunu bildirib. O, Akademiyanın il ərzindəki əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs edərək, ali təhsil müəssisəsini bitirən məzunların bir hissəsinin hazırda gömrük orqanlarında, Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarında çalışdıqlarını da vurğulayıb. Q.Novruzov növbəti illərdə Akademiyanın daha çox uğurlara imza atacağına əminliyini ifadə edib. Akademiyanın rəisi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə Akademiyanın kollektivini, professor-müəllim heyətini və tələbələri təbrik edib, onlara yeni ildə müvəffəqiyyətlər arzulayıb.
Daha sonra 2021-ci ildə yüksək akademik göstəricilərinə, Akademiyanın ictimai-sosial həyatında, mədəni-kütləvi tədbirlərində göstərdikləri xüsusi fəallığa görə fərqlənən tələbələr Akademiya rəisi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə, eyni zamanda bu ərəfədə Akademiyada keçirilən şahmat turnirinin qalibləri isə kubok və sertifikatlarla təltif ediliblər.
Tədbir Akademiyanın tələbələrinin iştirakı ilə bədii hissə ilə yekunlaşıb.