Baş səhifə
Xəbərlər
Akademiya
Dövlət Gömrük Komitəsinin Akademiyasında Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Dekabrın 24-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Qalib Xalqın Müzəffər Ali Baş Komandanı” adlı tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri ilə yanaşı 44 günlük Vətən Müharibəsi şəhidi Veys İsmayılovun atası Əflatun İsmayılov da iştirak edib.
Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şərəfli ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan Akademiyanın rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov tədbir iştirakçılarını salamlayıb, Akademiyanın kollektivi adından Ali Baş Komandanımızı 60 illik yubileyi münasibətilə təbrik edib, ona uzun və sağlam ömür, dövlətimizin daha da qüdrətlənməsi və xalqımızın rifahı yolunda yorulmaz fəaliyyətində uğurlar arzulayıb. Qulu Novruzov dövlət başçısının hakimiyyətdə olduğu 18 illik tarixə nəzər salaraq vurğulayıb ki, Azərbaycanın XXI əsrdə daxili və xarici siyasətdə qazandığı möhtəşəm uğurlar məhz İlham Əliyevin adı ilə bağlıdır. Zəfərə gedən yola illər öncə başlayan Prezident İlham Əliyev ən çətin anlarda addım-addım irəlilədi və hər bir addım üçün ən doğru zamanı gözlədi. Xüsusi siyasi intellektə və geniş dünyagörüşünə malik, bir neçə xarici dili mükəmməl səviyyədə bilən Ali Baş Komandan tarixi ədaləti 44 günlük Vətən müharibəsi dövründə həm dəmir yumruqla döyüş meydanında, həm də dərin siyasi diplomatiyası ilə beynəlxalq arenada bərpa etdi. Xalqımızın hər zaman Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşdiyini qeyd edən Akademiya rəisi bildirib ki, güclü milli həmrəylik bizə əminliklə söyləməyə imkan yaradır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşıdakı illərdə də dinamik inkişafı davam edəcək, işğaldan azad olunmuş torpaqlarımız çiçəklənəcəkdir.
44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman vətən övladlarından biri olan Veys İsmayılovun atası Əflatun İsmayılov çıxış edərək, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbədən söz açmış və vətən müharibəsində canından keçmiş bütün şəhidlərə Allahdan rəhmət diləmişdir.
Akademiyanın Hüquqşünaslıq ixtisasının 2-ci kurs tələbələri Ramazan Əsgərxanov və Sübhan Qarayev “Zəfər və qəhrəmanlıq simvolu İlham Əliyev” və “İlham Əliyevin gömrük siyasətinin hüquqi aspektləri” mövzusunda məruzə ilə çıxış edərək, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, dövlətimizin gələcək inkişafının qarantı Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ölkəmizin gömrük sisteminin ildən-ilə uğurla inkişaf etdiyini vurğulamışdırlar.
Daha sonra tədbir bədii hissə ilə davam etmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, xalqın inam və güvənc yeri, möhtərəm cənab Prezident İlham Əliyevi doğum günü və şərəfli yubileyi münasibətilə təbrik edir və gələcək fəaliyyətində uğurlar diləyirik.