Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Avropa İttifaqının mütəşəkkil cinayətkarlıqla mübarizə təlimində təmsil olunub

Gömrük Akademiyası Avropa İttifaqının mütəşəkkil cinayətkarlıqla mübarizə təlimində təmsil olunub

     Avropa İttifaqının (Aİ) “Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (“TOPCOP”) layihəsinin “Potensialın Gücləndirilməsi Şəbəkəsi”nin ilk qeyri-virtual görüşü 19-21 oktyabr 2021-ci il tarixlərində Macarıstanın Budapeşt şəhərində Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyi (CEPOL) tərəfindən təşkil edilmişdir.

 

     Həmin görüşdə “Avropa İttifaqı Siyasət Dövrəsi”/”Kriminal Təhdidlərə qarşı Multidissiplinar Avropa Platforması” (“EMPACT”) mövzusunda təlim keçirilmişdir. Bu təlim 2020-2023-cü illərdə Aİ Şərq Tərəfdaşlığı (ŞT) proqramı ölkələrinin, o cümlədən Azərbaycanın da iştirak etdiyi layihə çərçivəsində beş ŞT ölkəsinin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova, Ermənistan) hər birində bütövlükdə on beş nəfər əlaqələndirici şəxsi birləşdirən Şəbəkə üçün təşkil edilmişdir.

 

     Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) əməkdaşı Elvin Mecidov “TOPCOP” layihəsi üzrə əlaqələndirici şəxs olaraq təlimdə Akademiyanı təmsil etmişdir.

 

     İşçi dili ingilis dili olan üç günlük praktiki təlim hüquq-mühafizə sahəsində təlim ehtiyaclarının dəyərləndirilməsi metodologiyaları üzrə CEPOL standartları, “TOPCOP” layihəsinin 2021-2024-cü illər üzrə təlimlər kataloqu, CEPOL-un “LEED” elektron tədris platformasından istifadə, Avropaya qarşı mütəşəkkil və ağır cinayətlər və təhdidlərə qarşı sistematik fəaliyyət metodologiyası, proqramlaşdırma alətləri, “TOPCOP” Mübadilə Proqramı, ağır və mütəşəkkil cinayət təhdidlərinin qiymətləndirilməsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə Aİ qurumları, üzv dövlətləri və ŞT ölkələrinin hüquq-mühafizə orqanları arasında beynəlxalq əməkdaşlıq və informasiya mübadiləsinin təkmilləşdirilməsi kimi mövzuları əhatə etmişdir.

 

     Seminar “EMPACT”-ın əsas mərhələləri, prosesdəki əsas aktorların rolunu və qlobal əməkdaşlığı və hüquqi çərçivələri vurğulayaraq təlim iştirakçılarını “EMPACT 2022+” dəyişiklikləri haqda geniş məlumatlandırmışdır. Təlim proqramının sonunda növbəti aylar və illərdə görüləcək işlər haqda müzakirələr aparılmış və təlim iştirakçılarına sertifikatlar təqdim edilmişdir.

 

     Xatırladaq ki, DGKA ölkənin milli və iqtisadi təhlükəsizliyinin təmin olunmasında və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, gömrük sahəsində təlim-tədris qurumu olaraq cari ilin aprel ayında “TOPCOP” layihəsinə tərəfdaş qurum olaraq qoşulmuşdu. DGKA-nın CEPOL ilə “TOPCOP” layihə tərəfdaşlığı nəticəsində Azərbaycanın müvafiq gömrük xidməti orqanlarının əməkdaşları layihə çərçivəsində həyata keçirilən müxtəlif onlayn və ənənəvi formatda keçiriləcək kurslar, modullar, seminarlar, təlimlər və vebinarlarda iştirak hüququ qazanmışdır.

 

     Bu fəaliyyət çərçivəsində Akademiya əlaqələndirici qurum kimi Dövlət Gömrük Komitəsinin müvafiq strukturları üçün zəruri təlim ehtiyaclarlının müəyyənləşdirilməsi, təlimlərin əlaqələndirilməsi və müvafiq gömrük xidməti orqanlarının təlimlərə cəlb edilməsini həyata keçirir. Layihənin milli əlaqələndirici qurumu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyidir (DİN). Layihə çərçivəsində iki qurumda – DGKA-da və DİN Polis Akademiyasında potensialın gücləndirilməsi üzrə əlaqələndirici şəxslər  təyin edilmişdir.

 

    “TOPCOP” layihəsi çərçivəsində növbəti seminar 22-26 noyabr 2021-ci il tarixlərində Bakı şəhərində “Qanunsuz odlu silah və partlayıcı maddələrin Qaranlıq İnternet (“DarkWeb”) vasitəsilə alveri” mövzusunda keçiriləcək və tədbirdə DGKA-nın dəstəyi ilə gömrük xidməti əməkdaşlarının da iştirakı nəzərdə tutulmuşdur.