Gömrük Akademiyasında ISO standartları üzrə növbəti təlimlər başlayıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin ISO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə növbəti ISO 45001:2018 standartı üzrə “Peşə sağlamlığı və əməyin mühafizəsi” təlimlərinə start verilib.
Dövlət Gömrük Komitəsinin Akademiyası və Türk Standartları İnstitutunun (TSE) Azərbaycan təmsilçiliyi arasında əməkdaşlıq çərçivəsində keçirilən təlimlər TSE-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu tərəfindən aparılır. Dövlət Komitəsinin Akademiyasının əməkdaşlarının iştirak ilə keçirilən təlimlər üç gün davam edəcək.
Təlimləri uğurla bitirən Akademiya əməkdaşlarına sertifikatlar təqdim olunacaq.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Akademiyası daha öncə TSE tərəfindən keçilən təlimlər və Akademiyanın bütün strukturlarında aparılan audit nəticəsində “Keyfiyyəti İdarəetmə Sistemi” standartı üzrə beynəlxalq TS EN ISO 9001:2015 sertifikatına layiq görülmüşdü.