Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Azərbaycanda Erasmus+ “Work4CE” layihə idarəetməsinin təkmilləşdirilməsinə rəhbərlik edir
Gömrük Akademiyası Azərbaycanda Erasmus+ “Work4CE” layihə idarəetməsinin təkmilləşdirilməsinə rəhbərlik edir
Avropa İttifaqının Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) və səkkiz ali təhsil müəssisəsinin birgə tərəfdaşlığı ilə icra olunan, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Work4CE” konsorsium layihəsinin Azərbaycanda tərəfdaş ali təhsil müəssisələrinin iclası keçirilib.
Gömrük Akademiyasının təşəbbüsü ilə keçirilən görüşdə Akademiyanın layihə heyətinin üzvləri - Beynəlxalq əməkdaşlıq üzrə koordinatoru, Akademiyada “Work4CE” layihə meneceri və konsorsiumun icraedici strukturunun üzvü Elvin Mecidov, Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı, İxtisas fənləri kafedrasının müdiri Elvin Əlirzayev, İKT-nin Tətbiqi şöbəsinin rəisi Babək Abbasov, Ömürboyu təhsil şöbəsinin böyük mütəxəssisi Sevinc Əliyeva, Beynəlxalq əməkdaşlıq üzrə mütəxəssis Leyla Nəcəfova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq proqramlar sektorunun müdiri İsa Muradov, Təcrübə və Karyera mərkəzinin müdiri Xanlar Qəniyev, İKT Mərkəzinin direktoru Sərxan Talıbzadə, Fövqəladə hallar və həyat təhlükəsizliyi kafedrasının müəllimi Şahmar Rəfili, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Beynəlxalq layihələr üzrə koordinatoru Leyla Nağıyeva, İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin Kompüter mühəndisliyi kafedrasının müdiri Nazilə Rəhimova və fakültənin əməkdaşları Yaşar Hacıyev və İlqar Rzayev iştirak ediblər.
Akademiyanın Beynəlxalq əməkdaşlıq üzrə koordinatoru, Akademiyada “Work4CE” layihə meneceri və konsorsiumun icraedici strukturunun üzvü Elvin Mecidov çıxış edərək, görüşün gündəliyini, layihənin Akademiyada idarə olunması ilə bağlı təcrübəni, Azərbaycanda “Work4Ce” layihə idarəetməsində prioritet məsələləri, layihə konsorsiumunun müəyyənləşdirdiyi iş paketləri və onlar daxilində keçirilməsi planlaşdırılan tədbirlər üçün aktual məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Görüşdə layihə çərçivəsində birgə əməkdaşlıq imkanları, layihənin icra mexanizmlərinin və idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.
Akademiyanın təşəbbüsü ilə üç tərəfdaş universitetin layihənin icrası prosesində qarşılaşdıqları çətinlikləri, çağırışları və həll yolları haqda fikir mübadiləsi aparmaq, iş paketlərində müxtəlif istiqamətlərdə birgə əməkdaşlıq etmək məqsədi ilə “Work4CE” layihəsinin Azərbaycanda lokal idarəetmə mexanizmi yaradılıb.
Qeyd edək ki, Gömrük Akademiyası “Work4CE” konsorsiumunun icraedici strukturunda Azərbaycanı təmsil edir və layihənin Azərbaycanda idarə olunmasının keyfiyyətini təmin edir. Bu konsorsium layihəsində Azərbaycanın ali təhsil müəssisələri ilə yanaşı, Almaniyanın Dortmund Tətbiqi Elmlər Universiteti, Belçikanın Löven Katolik Universiteti, İspaniyanın Del Pais Vasko Universiteti, Ukraynanın Milli Zaporijiya Politexnik Universiteti, Ternopil Milli İqtisad Universiteti, Kiyev Milli Memarlıq və İnşaat Universiteti də iştirak edir.
Xatırladaq ki, 15 noyabr 2020-ci ildə başlanmış və 2023-cü ilin noyabr ayınadək davam edəcək layihə Dördüncü Sənaye İnqilabının (“Sənaye 4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə, rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların (“İşçi Qüvvəsi 4.0”) müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun hazırlanması (“İş 4.0”) hədəfinə xidmət edir. Gömrük Akademiyasının bu layihədə iştirakının məqsədi Azərbaycanda gömrük sahəsi üzrə təlim-tədrisin “Sənaye 4.0” və “İşçi Qüvvəsi 4.0” tələbatlarına, xüsusilə, milli gömrük qurumlarının rəqəmsal transformasiyasına uyğunlaşdırılaraq təkmilləşdirilməsi, həmçinin Azərbaycan gömrük xidməti orqanlarının peşəkar və ixtisaslaşmış gömrük kadrları ilə təminatını dəstəkləməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi