Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Litva Dövlət Təqaüdü proqramına seçiliblər
Gömrük Akademiyasının tələbələri Litva Dövlət Təqaüdü proqramına seçiliblər
Dövlət Gömrük Komitəsinin Akademiyasının Litvanın Mikolas Romeris Universiteti (MRU) ilə 2020-ci ilin avqust ayında imzalanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində Akademiyanın beş tələbəsi 2021/2022-ci tədris ilində Litvada qısa müddətli təhsil üzrə dövlət təqaüdü proqramına seçiliblər.
Litvanın Təhsil Mübadiləsinə Dəstək Fondu tərəfindən icra olunan bu dövlət təqaüdü proqramı 2021-cil ilin aprel ayında 6 Şərq Tərəfdaşlığı ölkəsi, 51 ASEM (“Asiya-Avropa Görüşü”) ölkəsi, Litvanın prioritet ixrac bazarları olan ölkələrin (ABŞ, İsrail, Türkiyə, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri) ali təhsil müəssisələrindən olan maksimum 25 tələbə üçün elan edilmişdi.
Gömrük Akademiyasında təqaüdə müraciət etmək və MRU-da təhsil almaq istəyən tələbələrin seçilməsi prosesi ilkin qiymətləndirmə və müsahibə vasitəsilə həyata keçirilib. Tələbələrin seçilməsində başlıca meyarlar ingilis dili bilikləri, akademik göstəricilər, Litvada təhsil üçün akademik potensial və xarici mühitdə ünsiyyət bacarıqları olub.
Təqaüd qazanmış və MRU-ya qəbul edilmiş 5 tələbədən 3-ü - Səbinə Sarıyeva (2-ci kurs “Hüquqşünaslıq” ixtisası, magistrant), Aynur Səlimli (2-ci kurs “İnformasiya təhlükəsizliyi” ixtisası, bakalavr), Humay Kərimli, (3-cü kurs “Hüquqşünaslıq” ixtisası, bakalavr) payız semestrində (sentyabr 2021– yanvar 2022), digər iki tələbə - Fərhad Cavadov (2-ci kurs “İnformasiya təhlükəsizliyi” ixtisası, bakalavr) və Murad Şəfiyev (3-cü kurs “İnformasiya təhlükəsizliyi” ixtisası, bakalavr) isə yaz semestrində MRU-da 1 semestr ərzində təhsil alacaqlar.
Bu, Akademiyanın tələbələr üçün təşkil etdiyi ilk xaricdə təhsil imkanıdır və Akademiya tərəfindən bu cür proqramlara tələbələrin çıxışının genişləndirilməsi nəzərdə tutulur.
İctimaiyyətlə əlaqələr şöbəsi