Baş səhifə
Xəbərlər
Akademiya
Özbəkistanın ölkəmizdəki səfiri Dövlət Gömrük Komitəsinin Akademiyası və Kinoloji Mərkəzinin fəaliyyəti ilə tanış olub

Özbəkistanın ölkəmizdəki səfiri Dövlət Gömrük Komitəsinin Akademiyası və Kinoloji Mərkəzinin fəaliyyəti ilə tanış olub

Avqustun 3-də Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Dövlət Gömrük Komitəsinin Akademiyası və Kinoloji Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təhsil ocağının yaranması və fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, 2014-cü ildən tədrisin başladığı Gömrük Akademiyasında hazırda 5 ixtisas üzrə mütəxəssislər yetişdirilir. Tədris müasir metodologiya və dərs vəsaitləri hesabına aparılır, tələbələrin dil bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Eyni zamanda Akademiyada gömrük əməkdaşlarının peşəkarlıq səviyyəsinin gücləndirilməsi və sahəvi biliklərinin artırılması məqsədilə davamlı şəkildə təlimlər keçirilir.

Qulu Novruzov onu da bildirib ki, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təhsildə müasir yanaşmaların, ən son yeniliklərin tətbiqinə, təcrübə və tələbə mübadiləsinə xüsusi önəm verən Gömrük Akademiyası dünyanın tanınmış ali təhsil ocaqları ilə işgüzar əlaqələr qurulması sahəsində mühüm addımlar atır.

Özbəkistan gömrük orqanları və bu ölkənin gömrük sahəsində ixtisaslaşan ali təhsil ocaqları ilə əlaqələrdən də danışan Qulu Novruzov qarşılıqlı münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov iki ölkənin münasibətlərindən bəhs edib və gömrük orqanlarının da qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini bildirib.

Səfir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevlə görüş zamanı mövcud əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səmərəli müzakirələrin aparıldığını xatırladıb.

Azərbaycan gömrük sistemində həyata keçirilən islahatlara toxunan Bahrom Aşrafxanov Azərbaycan gömrüyünün müasir avadanlıqlarla təchiz edildiyinin və effektiv fəaliyyət göstərdiyinin şahidi olduğunu bildirib, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əldə olunan nəticələri yüksək qiymətləndirib.

Azərbaycan gömrük xidməti və Gömrük Akademiyasının təcrübəsinin öyrənilməsi və tətbiqinə önəm verdiyini vurğulayan səfir qarşılıqlı təcrübə mübadiləsinin, birgə fəaliyyətin və təlimlərin təşkilinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Gömrük Akademiyasının fəaliyyəti ilə bağlı təqdimatdan sonra Bahrom Aşrafxanov Akademiyanın auditoriyaları ilə tanış olub, ona tədris prosesi barədə məlumat verilib.

Daha sonra Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin fəaliyyəti ilə tanış olan səfirə məlumat verilib ki, Mərkəz 2003-cü ildə yaradılıb və 2015-ci ildən Ümumdünya Gömrük Təşkilatının regional mərkəzi statusunu alıb.

Mərkəzin rəisi İlkin Osmanov qeyd edib ki, rəhbərlik etdiyi qurum kinoloqların hazırlanması, eləcə də narkotik vasitələr, partlayıcı maddələr, odlu silahlar və döyüş sursatının axtarışı üzrə xidməti itlərin təlimi üzrə ixtisaslaşıb.

Daha sonra xidməti itlərin təlim prosesi və Mərkəzin fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

 İctimaiyyətlə əlaqələr şöbəsi