Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında növbəti onlayn təlimlərin qiymətləndirmə mərhələsi əyani keçirilib

Gömrük Akademiyasında növbəti onlayn təlimlərin qiymətləndirmə mərhələsi əyani keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxsləri üçün 17 may 2021-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək onlayn formada keçirilən  ixtisasartırma təlimləri başa çatıb. Onlayn təşkil olunmuş təlimlərin qiymətləndirmə mərhələsi pandemiya dövründə karantin rejiminin tələbləri nəzərə alınmaqla, əyani formada keçirilib.

Tədbirdə çıxış edən Akademiya rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlim iştirakçılarını salamlayaraq bildirib ki, pandemiya dövründə karantin rejiminin tələblərinə uyğun olaraq, Akademiyada tədris prosesi və təlimlər onlayn formada təşkil olunub. Akademiya rəisi ölkəmizdə karantin rejiminin yumşaldılmasının nəzərə alınaraq, altı həftəlik onlayn təlimlərin yekununda ənənəvi olaraq qiymətləndirmənin əyani formada həyata keçirildiyini deyib.

Təlimlərin əsas məqsədinin gömrük xidməti əməkdaşlarına zəruri olan biliklərin verilməsi olduğunu deyən Akademiya rəisi müxtəlif modullar üzrə təlim proqramları hazırlandığını diqqətə çatdırıb. Xidmətə ilkin hazırlıq təlimləri, hüquq-mühafizə ilə bağlı ixtisasartırma təlimləri, həmçinin sərhəddə xidmət edən gömrük əməkdaşları üçün ingilis dili təlimlərinin təşkilindən söz açan Qulu Novruzov hər bir təlimin fərqli modulunun olduğunu bildirib. Akademiya rəisi vurğulayıb ki, 2021-ci ilin ilk 6 ayı ərzində 178 gömrük xidməti əməkdaşı xidmətə ilkin hazırlıq təlimlərində iştirak edib. 2021-ci ilin ilk 6 ayı ərzində ümumilikdə 333 nəfər gömrük xidməti əməkdaşı Akademiyada təşkil olunan təlimlərdə iştirak edib. Qulu Novruzov bütün dinləyicilərə uğurlar arzulayıb.

Sonra təlimlərdə iştirak etmiş gömrük xidməti əməkdaşlarının biliklərinin qiymətləndirilməsi keçirilib.

      Qeyd edək ki, təlimlərdə 60 gömrük xidməti əməkdaşı iştirak edib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi