Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında magistrlik dissertasiya işlərinin müdafiəsi təşkil olunub

Gömrük Akademiyasında magistrlik dissertasiya işlərinin müdafiəsi təşkil olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasının magistratura səviyyəsi üzrə 2020/2021-ci tədris ilində təhsilini başa vuran “Gömrük işi” və “Beynəlxalq hüquq” ixtisaslaşmaları üzrə məzunlarının yekun dövlət attestasiyası - magistrlik dissertasiya işlərinin müdafiəsi keçirilib.

Müdafiədə “Gömrük işi” ixtisaslaşması üzrə Akademiyanın Dövlət Attestasiya Komissiyasının sədri, Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru, texnika elmlər doktoru, professor İqbal Babayev, eləcə də Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Elçin Süleymanov və digər alimlər iştirak ediblər.

 “Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistrlik dissertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış Elmi Şuranın sədri BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev, eləcə də sədrin müavini hüquq elmləri doktoru, professor Əfsər Sadıqov və digər alimlər müdafiədə iştirak ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Komissiya sədrlərini və üzvlərini salamlayaraq komissiyaların işinə uğurlar arzulayıb.

“Gömrük işi” ixtisaslaşması üzrə komissiyanın sədri İqbal Babayev Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin salamlarını və xoş arzularını çatdırıb.

“Beynəlxalq hüquq” ixtisaslaşması üzrə komissiyanın sədri Əmir Əliyev magistrlik dissertasiya işlərini müdafiə edən məzunlara uğurlar arzulayıb.

Müdafiədə iştirak edən magistrantlar dissertasiya işlərinin mövzularına uyğun apardıqları  araşdırma və təhlil nəticələrini təqdim ediblər. Bundan başqa, elmi rəhbərin, o cümlədən kənar mütəxəssisin rəyi, kafedranın rəyi, dissertasiyanın anti-plaqiat proqramından çıxarış sənədi də dissertasiya işlərinə əlavə olunub. Magistrantlar tədqiqatlarının nəticələrini 15 dəqiqəlik reqlamentlə slaydlar vasitəsilə İxtisaslaşdırılmış Elmi Şura qarşısında məruzə ediblər və Şura üzvlərinin çoxsaylı suallarını cavablandırıblar.

İxtisaslaşdırılmış Elmi Şura qarşısında müdafiəyə buraxılan “Gömrük işi” ixtisaslaşması üzrə dörd magistrant və “Beynəlxalq hüquq” ixtisaslaşması üzrə iki magistrantın dissertasiya işləri qoyulan tələblərə cavab verdiyindən Şuranın qərarı ilə onlar yekun dövlət attestasiyasından müvəffəq sayılıblar.

 

İctimaiyyətlə əlaqələr şöbəsi