Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasına "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq sertifikat təqdim olundu

Gömrük Akademiyasına "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq sertifikat təqdim olundu

Dövlət Gömrük Komitəsinin Akademiyasına təhsildə və idarəetmədə keyfiyyət standartının yüksəldilməsi ilə bağlı növbəti uğura imza ataraq əldə etdiyi "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq sertifikat təqdim olundu.

Türk Standartları İnstitutu tərəfindən 2021-ci ilin yanvar ayında bütün strukturlarda aparılan audit nəticəsində Akademiyanın "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq standartın tələblərini tam olaraq ödədiyi müəyyən edilib və prosesin yekununda Dövlət Gömrük Komitəsinin Akademiyası "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq TS EN ISO 9001:2015 sertifikatına layiq görülüb.

Beynəlxalq sertifikatın təqdim olunması ilə bağlı keçirilən tədbirdə Akademiyanın rəisi Qulu Novruzov bu münasibətlə kollektivi təbrik edib. O, Türk Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıqdan söz açaraq bu əməkdaşlığın davam etdiriləcəyini bildirib. Akademiya rəisi deyib ki, Türk Standartları İnstitutu tərəfindən "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq TS EN ISO 9001:2015 sertifikatına layiq görülən Gömrük Akademiyası Azərbaycanda bu statusu alan 3-cü ali təhsil müəssisəsidir. Gömrük Akademiyası kadr hazırlığında keyfiyyət standartının yüksəldilməsi üçün ali təhsil sahəsində dünyada mövcud olan ən qabaqcıl təlim texnologiyaları və innovasiyaların tətbiqini başlıca hədəf kimi müəyyənləşdirib.

Türk Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu Akademiyanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirib, ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edib.

Qeyd edək ki, iki il öncə Akademiya ilə Türk Standartları İnstitutu arasında Akademiyada beynəlxalq standartlar sisteminin qurulması, beynəlxalq təhsil məkanına inteqrasiya, təhsil sahəsində beynəlxalq layihələrə qoşulma, təhsilin keyfiyyəti, əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin ISO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə müqavilə imzalanıb. Müqavilə çərçivəsində Akademiyada Beynəlxalq Standartlar Sisteminin tətbiqi, təhsilin və idarəetmənin ISO standartlarının tələblərinə uyğun səviyyədə təşkil edilməsi məqsədilə struktur bölmələrin əməkdaşları üçün təlimlər keçirilib. Türk Standartları İnstitutunun baş katibinin müşaviri, TS EN ISO 9001 - Keyfiyyəti İdarəetmə Sistemi üzrə baş auditor Arif Qani tərəfindən aparılan təlimləri uğurla başa vuran Akademiya əməkdaşlarına müvafiq sertifikatlar verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi