Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında yaz semestrinin imtahan sessiyası əyani formada keçiriləcək

Gömrük Akademiyasında yaz semestrinin imtahan sessiyası əyani formada keçiriləcək

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının əyani formada keçirilməsi qərara alınıb. Akademiyada imtahanların təşkili müddətində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na tam riayət olunacaq.

Yarana biləcək suallara aydınlıq gətirilməsi məqsədilə Akademiya rəhbərliyinin tələbə və valideynlərlə görüşü keçirilib.

Görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov bildirib ki, Gömrük Akademiyası 2020-ci ilin mart ayının əvvəlindən etibarən ölkədə ali təhsil müəssisələri arasında ən tez və tam onlayn tədrisi təşkil edən ali təhsil müəssisəsidir. Onun sözlərinə görə, tədris səmərəli və effektiv təşkil edilib. Qiymətləndrmə prosesindən söz açan Akademiya rəisi bu prosesin təşkilindən danışaraq tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi üçün görülən işləri diqqətə çatdırıb. Qulu Novruzov ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər nəticəsində epidemioloji vəziyyətin yaxşılaşması, bu sahədəki müsbət dinamika sayəsində imtahanların ənənəvi təşkilinin mümkünlüyünü, həmçinin tədrisin və imtahanların təşkilində ənənəvi və distant formaların müqayisəsi zamanı birmənalı olaraq əyani formanın üstünlüklərinin olmasını nəzərə alaraq, Akademiyada imtahanların əyani formada təşkil ediləcəyini vurğulayıb.

Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı imtahanların əyani təşkili prosesi ilə bağlı geniş məlumat verib, bununla bağlı detalları tələbələrin diqqətinə çatdırıb. O, tələbələrə qaydaların yazılı şəkildə ünvanlandığını da bildirib. Şöbə rəisi deyib ki,  imtahan prosesinin bütün detalları ilə bağlı onlayn təhsil və imtahanlar zamanı tələbələr üçün nəzərdə tutulmuş güzəştlər (onlayn təhsilin məhdudiyyətlərini nəzərə alaraq materialların həcminin azaldılması, qiymətləndirmə ilə bağlı yanaşma və s.) qüvvədə qalacaq. Eyni zamanda, pandemiya ilə əlaqədar olaraq xüsusi karantin rejimi dövründə onlayn tədrisə cəlb olunmuş,  Akademiyada ənənəvi qaydada təşkil edilən imtahanlarda iştirak etməmiş 1-ci kurs tələbələri üçün öncədən imtahan simulyasiyası təşkil ediləcək.

   Görüşdə tələbələr və onların valideynlərinin fikirləri dinlənilib, suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi