Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “RENFUL” şirkətinin keçirdiyi operator kursları başa çatıb

Gömrük Akademiyasında “RENFUL” şirkətinin keçirdiyi operator kursları başa çatıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında X-Ray təsvirlərinin analizinə dair təhlükəsizlik sistemləri ilə bağlı “RENFUL” şirkətinin mütəxəssisləri tərəfindən keçirilən operator kursları başa çatıb. Kursları uğurla başa vuran dinləyicilərə sertifikatlar təqdim olunub. Ümumilikdə, 16 nəfər gömrük xidməti əməkdaşı sertifikatla təltif olunub.

Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlimçiləri və dinləyiciləri salamlayaraq, Akademiyanın fəaliyyət istiqamətlərindən birinin gömrük xidməti əməkdaşlarının peşəkar hazırlığı olduğunu deyib. Sürətlə dəyişən dünyada, texnologiyaların sürətli inkişafının tətbiq olunduğu dövrün tələblərinə uyğun olaraq, texniki nəzarət vasitələrində çalışan əməkdaşların ixtisasının artırılmasının vacibliyini vurğulayıb. Texniki nəzarət vasitələrində çalışan əməkdaşlarına peşə bacarıqlarının aşılanması ilə bağlı Akademiyada bir sıra təlimlərin keçirildiyini diqqətə çatdıran Akademiya rəisi Akademiyada sözügedən təlimlərin tədris proqramları və modullarının mövcud olduğunu deyib. “RENFUL” şirkətinin mütəxəssisləri olan təlimçilərə təşəkkür edən Qulu Novruzov beynəlxalq əməkdaşlığın Akademiya üçün prioritet olduğunu qeyd edib. Akademiyanın hər zaman ən qabaqcıl yenilikləri öyrənib tətbiq etməkdə maraqlı olduğunu vurğulayıb.

Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması  Baş İdarəsinin Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov və Komitənin İnsan Resursları İdarəsinin rəis müavini Həsən Tağıyev gömrük xidməti əməkdaşlarının yeni texnologiyaların imkanlarından istifadə etmələrinin vacib olduqlarını bildiriblər. Onlar təlim iştirakçılarını təbrik edib, uğurlar arzulayıblar.

 “RENFUL” şirkətinin təlimçiləri - İvan Rodrigez, Vilayət  Məmmədov və Dmitri Strilets yaradılan şəraitə görə Akademiya rəhbərliyinə təşəkkür ediblər. Keçirilən təlimlərdə dinləyicilərin qazandıqları bilik və bacarıqları gələcəkdə onlara öz fəaliyyətlərində tətbiq etməyə imkan verəcəyinə inam ifadə ediblər.

Qeyd edək ki, X-Ray təsvirlərinin analizinə dair təhlükəsizlik sistemləri ilə bağlı “RENFUL şirkətinin mütəxəssisləri tərəfindən 20-21 may və 24-26 may tarixlərində keçirilən operator kursları Akademiyada xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla ənənəvi formada təşkil olunub.

Bununla yanaşı, Akademiyada X-Ray təsvirlərinin analizinə dair təhlükəsizlik sistemləri ilə bağlı “RENFUL şirkətinin mütəxəssisləri tərəfindən “Təlimçilərin təlimi” kursu xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla ənənəvi formada 17-19 may tarixlərində keçirilib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi