Baş səhifə
Xəbərlər
Akademiya
Dövlət Gömrük Komitəsinin Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Dövlət Gömrük Komitəsinin Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) arasında peşə hazırlığı və tədrisin təşkili sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.
Bu tədbirlərin davamı olaraq, 21 may 2021-ci il tarixdə DGK Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olub.
Tədbir çərçivəsində qonaqlar Baş Prokurorluğun yeni inzibati binalar kompleksi, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.
Daha sonra Akademiyanın rəisi Qulu Novruzovun və DGK-nin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisinin birinci müavini Güloğlan Muradlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədovun, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımovun, Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadənin, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Tural Aslanovun, Elm-Tədris Mərkəzinin şöbə rəisi Talıb Cəfərovun iştirakı ilə qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib, peşə hazırlığının təşkil edilməsi sahəsində səylərin birləşdirilməsi qərara alınıb.
Bildirilib ki, iki qurum arasında səmərəli əməkdaşlığın təzahürü olaraq, gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə hazırda Akademiyanın və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Gömrük işi sahəsində aşkar edilmiş cinayətlərin rəsmiləşdirilməsi xüsusiyyətləri və bu növ cinayətlər üzrə ibtidai araşdırma aparılmasının aktual aspektləri” mövzusunda onlayn birgə təlimlər uğurla həyata keçirilir.
Bundan əlavə, Azərbaycan Respublikasının Baş prokuroru yanında məşvərətçi orqan olan Elmi-Məsləhət Şurasının fəaliyyətində Dövlət Gömrük Komitəsi Akademiyasının nümayəndəsi Şahin Hüseynovun səmərəli fəaliyyəti xüsusi olaraq qeyd edilib.
Görüşün nəticələrinə uyğun olaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədovun və Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzovun iştirakı ilə Mərkəz və Akademiya arasında əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanıb.
Memorandum prokurorluq və gömrük orqanları əməkdaşlarının bilik səviyyələrinin və peşə hazırlıqlarının yüksəldilməsi üçün birgə tədris tədbirlərinin təşkil edilməsi, tərəflərin fəaliyyət sahələrinə aid innovativ layihələrin işlənib hazırlanması, təlim və treninq materiallarının mübadiləsi, müxtəlif aktual mövzular üzrə birgə elmi-nəzəri və praktiki tədqiqatların aparılması və sair məsələlər üzrə geniş əməkdaşlığı əhatə edir.