Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Heydər Əliyev və Azərbaycan gömrüyü” adlı konfrans keçirilib
Gömrük Akademiyasında “Heydər Əliyev və Azərbaycan gömrüyü” adlı konfrans keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə Gənclər Təşkilatının (TGT) “Heydər Əliyev və Azərbaycan gömrüyü” adlı konfransı keçirilib.
Akademiyanın Elmi işlər üzrə rəis müavini, iqtisad elmləri doktoru, professor Cəmilə Namazovanın sədrliyi ilə keçirilən konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri doktoru, Yeni Azərbaycan Partiyası (YAP) İdarə heyətinin üzvü Elnur Sadıqov, Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Tariflərinin tənzimlənməsi, gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru Fuad Məmmədov, Akademiyanın əməkdaşları, tələbələri, o cümlədən TGT üzvləri iştirak ediblər.
Videokonfrans formatında keçirilən tədbiri giriş sözü ilə açan Cəmilə Namazova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin həyat yolundan və çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və dövlət quruculuğunun gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıb.
Konfransda çıxış edən Elnur Sadıqov ümummilli lider Heydər Əliyevin uğurlu uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünyanın inkişaf edən, beynəlxalq miqyasda gün-gündən nüfuzu artan dövlətə çevrildiyini, yeni iqtisadi uğurlara, layihələrə imza atdığını qeyd edib. O, görkəmli siyasi xadim Heydər Əliyevin dövlət quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı danışaraq qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatını dirçəldib, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirib. Ümummilli liderin respublikanın inkişafına hesablanmış uğurlu, böyük layihələrin, beynəlxalq iqtisadi əlaqələrin qurulmasında rolu, müxtəlif sahələri əhatə edən geniş spektrli fəaliyyətindən söz açıb. Ulu Öndərin proqram strategiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib.
DGK Gömrük Tariflərinin tənzimlənməsi, gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru Fuad Məmmədov Ulu Öndər tərəfindən əsası qoyulan və həyata keçirilən çoxşaxəli dövlət quruculuğu siyasəti nəticəsində qısa müddət ərzində ölkədə iqtisadi, sosial, təhsil, səhiyyə, ordu quruculuğu və bu kimi bütün sahələr üzrə inkişafa nail olunduğunu deyib. Ümummilli liderin gömrük xidmətinin qurulmasında verdiyi töhfələr, gömrük sisteminin qanunvericilik bazasının təkmilləşdirilməsində rolundan söz açaraq, gömrük xidmətini Azərbaycanın dövlət müstəqilliyinin atributlarından biri kimi səciyyələndirdiyini diqqətə çatdırırb. Azərbaycan gömrük xidmətinin formalaşmasında Heydər Əliyevin rolundan danışıb.
Tədbirdə vurğulanıb ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanılması, Azərbaycanda ayrı-ayrı sahələrin inkişafında Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, strategiya, Azərbaycanın inkişafı və tərəqqisi ilə bağlı fikirləri, ideyaları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Hüquqşünaslıq” ixtisasının 301-ci qrup tələbələri Ayişə Qocayeva “Gömrük quruculuğunun banisi Heydər Əliyev”, Ramazan Əsgərxanov “Xalqın xilaskarının gömrük siyasəti”, Sübhan Qarayev “Heydər Əliyevin gömrük siyasətinin xronoloji təhlili”, 392-ci qrup tələbəsi Aygün Məhərrəmli “Heydər Əliyevin gömrük siyasətinin inkişafında rolu”, 380-ci qrup tələbələri Cəbrayıl Məmmədzadə “Heydər Əliyev və gömrük orqanlarının fiskal siyasəti”, Lamiyə Nəsirova “Gömrük sahəsində Heydər Əliyev siyasəti”, “İqtisadiyyat” ixtisasının 270-ci qrup tələbəsi Orxan Yusifov “Heydər Əliyev və hüquq mühafizə orqanları”, “Beynəlxalq ticarət və logistika” ixtisasının 401-ci qrup tələbələri Ləman Vəkilova “Heydər Əliyevin hakimiyyəti boyunca gömrük sahəsindəki nailiyyətləri”, Hafiz Rəhimov “Gömrük xidmətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi