Qalib tələbələrlə görüş keçirilib
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrindən ibarət komanda 8 ali təhsil müəssisəsi arasında keçirilən Hüquq Olimpiadasında Respublika ikincisi olublar. Bu münasibətlə Dövlət Gömrük Komitəsinin Akademiyasında qalib komandanın üzvləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın etimadını doğrultduqları üçün tələbələrə təşəkkür edərək onları bu qalibiyyət münasibətilə təbrik edib. Q. Novruzov DGKA tələbələrinin müxtəlif müsabiqələrdə əldə etdiyi uğurların önəmini qeyd edərək, tələbələrin gələcəkdə də doğma təhsil ocağının adını yüksəldəcəklərinə və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verəcəklərinə əminliyini vurğulayıb.
Tələbələr də öz növbələrində Akademiya tərəfindən onlar üçün yaradılan şəraitə, göstərilən dəstəyə görə Akademiya rəhbərliyinə və professor-müəllim heyətinə öz təşəkkürlərini bildiriblər.
Daha sonra qalib komandanın üzvləri - Akademiyanın Hüquqşünaslıq ixtisasının tələbələri Xədicə Hüseynli, Əminə Əhmədova, Sadiq Bəndiyev, Qənbər Mikayılov və Fərid Əlizadə Akademiya rəhbərliyi tərəfindən mükafatlandırılıblar.