DGKA ilə “Vitanur Baku” arasında Memorandum imzalanıb
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə “Vitanur Baku” şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Görüşdə qonaqları salamlayan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov İT sahəsinin müasir dövrümüzdəki əhəmiyyətindən, Akademiya ilə kibertəhlükəsizlik şirkətləri arasında qurulan səmərəli əməkdaşlıq əlaqələrindən söz açaraq bu əməkdaşlığın da hər iki tərəf üçün uğurlu olmasını arzu edib.
Şirkətinin direktoru Samir Seyidov 2011-ci ildə Amerikada təsis edilən rəqəmsal marketinq şirkəti olan “Vitanur Baku”nun fəaliyyətindən söz açaraq qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə qeyd edib.
Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və “Vitanur Baku” şirkətinin direktoru Samir Seyidov əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Memoranduma əsasən, tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.