Tələbələrimizin istehsalat təcrübəsi davam edir
Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq”, “İnformasiya təhlükəsizliyi” və “İnformasiya texnologiyaları” ixtisaslarının IV kurs tələbələrinin müxtəlif gömrük orqanları da daxil olmaqla digər dövlət və özəl qurumlarda istehsalat təcrübəsi davam edir. Təcrübə çərçivəsində tələbələrin praktiki biliklərə dərindən yiyələnməsi, gömrük sisteminin fəaliyyəti ilə daha yaxından tanış edilməsi məqsədilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində elmi-praktiki seminar keçirilib. Seminarda Dövlət Gömrük Komitəsinin Akademiyasının və DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları, həmçinin Akademiyanın IV kurs tələbələri iştirak ediblər.
Elmi-praktiki seminarda giriş nitqi ilə çıxış edən Akademiyanın rəis müavini Cəmilə Namazova tələbələrin təcrübə müddətində əldə edəcəkləri praktiki biliklərin əhəmiyyətindən söz açaraq, bu müddət ərzində belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. C. Namazova həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin beynəlxalq sərnişin və yük daşımalarının təşkilində, xarici ticarət əlaqələrinin formalaşmasındakı rolunu xüsusi olaraq vurğulayıb.
Tədbir iştirakçılarını salamlayan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Şahin Nəzərov son dövrlərdə gömrük sistemində aparılan islahatlardan danışaraq Akademiya tələbələrinin gömrük fəaliyyətini hər tərəfli öyrənmələrinin vacibliyini qeyd edib və təcrübə müddətində tələbələrə uğurlar arzulayıb.
Tədbirdə İdarənin struktur bölmələrinin əməkdaşları Məmmədova Nigar, Həsənova Sevinc, Əlizadə Murad və Pənah Abbasov, idarənin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verərək, tələbələrə gömrük sahəsində praktiki biliklər əldə etmələri üçün öz tövsiyələrini bildiriblər.
Daha sonra əməkdaşlar tərəfindən tələbələrə idarənin əsas fəaliyyət sahələri, iş prinsipləri barəsində məlumat verilib və onların sualları cavablandırılıb.
Seminardan sonra təcrübəçilər Bakı Logistika Mərkəzinin fəaliyyəti ilə də əyani tanış olublar.