DGKA tələbəsinin komandası “RoboCode” ideathonunda uğur qazanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə “RoboCode” robotik kodlama düşərgəsi həyata keçirilib.
Bir ay davam edən və 321 nəfərin müraciət etdiyi düşərgədə 70 iştirakçıya "ROS-un əsasları", "Robotların simulyasiyası", "Robot hərəkət sistemləri" kimi mövzular üzrə onlayn və fiziki təlimlər keçirilib, sonda isə ideathon təşkil olunub.
Komandalar tərəfindən hazırlanan robot prototipləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə əsasən Dövlət Gömrük Komitəsinin Akademiyasının İnformasiya texnologiyaları ixtisasının II kurs tələbəsi Mirməhəmməd Mənsimovun kapitanı olduğu “Medbot” komandası qalib gələrək II yerə layiq görülüb.
Proqramlaşdırılıb prototipi hazırlanan “Medbot” tibbi servis robotunun iş prinsipi xəstəxanalarda karantin rejimində saxlanılan xəstələrə dərman və qida servisi etməkdən ibarət olub.
Qalib komandalara mükafatlar təqdim olunub, həmçinin onlar “Bilişim Vadisi” kampusunda və “SAHA Robotics” şirkətində təcrübə keçmək hüququ qazanıblar.