Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın tələbələri uğurlu namizədlər sırasında yer alıblar

DGKA-nın tələbələri uğurlu namizədlər sırasında yer alıblar

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin “Technion” İnkişaf və Araşdırma Fondu tərəfindən təsis olunan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində kibertəhlükəsizlik sahəsi üzrə keçirilən təlimlərdə iştirak hüququ əldə ediblər. Belə ki, Akademiyanın İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Aysel Rüstəmova, III kurs tələbələri Qurban Xanıyev və Gülyaz İsmayılzadə 2500-ə yaxın tələbənin müraciət etdiyi təlimlərin bütün seçim mərhələlərini uğurla tamamlayaraq, təlimlərdə iştirak hüququ qazanan 60 uğurlu namizəd arasında yer alıblar.
Tələbələr “Technion” İnkişaf və Araşdırma Fondunun professor-müəllim heyəti tərəfindən ingilis dilində keçirilən 6 aylıq intensiv təlimlər zamanı şəbəkə, proqramlaşdırma və əməliyyat sistemləri, kibertəhlükəsizlik sahəsində həm müdafiə, həm də hücum istiqamətləri üzrə öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Təlimin yekununda iştirakçılar qiymətləndirmənin nəticələrinə uyğun olaraq “Technion” İnkişaf və Araşdırma Fondunun müvafiq sertifikatını əldə edəcəklər.
Qeyd edək ki, Akademiyanın İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Fəridə Daşdəmirova da daha öncə sözügedən təlimləri uğurla bitirərək müvafiq rəsmi sertifikata layiq görülmüşdür.