Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük xidməti əməkdaşlarının biliklərinin qiymətləndirilməsi mərhələsi keçirilib

Gömrük xidməti əməkdaşlarının biliklərinin qiymətləndirilməsi mərhələsi keçirilib

Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin Akademiyasında 17 fevral 2020-ci il tarixində keçirilməsinə başlanılmış və 22 fevral - 18 mart 2021-ci il tarixlərində 27 nəfərlik qrup üçün xüsusi karantin rejimini nəzərə alaraq onlayn formada davam etdirilmiş xidmətə ilkin hazırlıq təlimləri başa çatıb.

Dinləyicilərin bilik səviyyəsinin ölçülməsi məqsədilə onlayn təlimlərdə iştirak edən gömrük xidməti əməkdaşlarının biliklərinin qiymətləndirilməsi karantin rejiminin şərtləri gözlənilməklə Akademiyada ənənəvi formada keçirilib.

Qiymətləndirmədən öncə karantin rejiminin şərtləri gözlənilməklə keçirilən görüşdə 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərin timsalında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan bütün qəhrəman oğul və qızların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov deyib ki, ötən bir il ərzində Akademiyada təlim prosesi onlayn şəkildə həyata keçirilir. “Biz deyə bilərik ki, Azərbaycanda onlayn tədrisi ən uğurlu həyata keçirən bir neçə ali məktəbdən biri olmuşuq. Bu baxımdan, Akademiyanın təlimlərdə təlimçi kimi iştirak edən müəllim heyətinin bu sahədə kifayət qədər təcrübəsi var. Ümid edirik ki, bu təlimlər sizin üçün faydalı oldu”, - deyə Akademiya rəisi bildirib. Qulu Novruzov onlayn tədrisin müasir dünyada təlim və təhsilin ayrılmaz bir hissəsinə çevrildiyini diqqətə çatdıraraq qabaqcıl ölkələrdə, həmçinin Azərbaycanda distant təhsil proqramlarının aktuallığından söz açıb.

Son üç ildə gömrük xidmətində aparılan islahatlara diqqət çəkən Akademiya rəisi bütövlükdə təlim proqramının məzmununda dinləyicilərə peşə bacarıqları ilə yanaşı, həm də gömrük xidməti əməkdaşları üçün vacib olan, gömrük xidmətinin cəmiyyətdəki nüfuzuna təsir edə biləcək davranış, psixoloji hazırlıq, sahibkarlarla, vətəndaşlarla, xidmət göstərdiyi əhali kateqoriyası ilə ünsiyyət bacarıqlarının aşılandığını vurğulayıb.

Təlim dinləyiciləri ilə məmnunluqla bağlı sorğu keçirildiyini deyən Akademiya rəisi qeyd edib ki, əməkdaşların təklif və rəyləri bizim üçün maraqlıdır.

Sonra təlim iştirakçılarının biliklərinin yekun qiymətləndirilməsi keçirilib.  

Qeyd edək ki, təlimlərə cəlb olunan əməkdaşlar müəyyən edilmiş onlayn platforma üzərindən müvafiq cədvəl üzrə təlimlərə cəlb olunublar. Akademiya tərəfindən dərslər müvafiq tədris proqramı əsasında təlim cədvəlinə uyğun olaraq təşkil olunub. Təlimlər Komitənin müvafiq strukturlarının əməkdaşları və Akademiyanın professor-müəllim heyəti tərəfindən aparılıb.  

 

İctimaiyyətlə əlaqələr şöbəsi