Magistrantların onlayn formatda attestasiyası keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının magistratura səviyyəsində “Gömrük işi” və “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşmaları üzrə I kursda təhsil alan magistrantların 2020/2021-ci tədris ilinin payız semestrinin yekunları ilə əlaqədar onlayn formatda attestasiyası keçirilib. Akademiyanın Elmi işlər üzrə rəis müavini, professor Cəmilə Namazovanın sədrliyi ilə keçirilən iclasda “İxtisas fənləri” kafedrasının müdiri Elvin Əlirzayev hər iki ixtisaslaşma üzrə magistrantların tədris planına uyğun olaraq 2020/2021-ci tədris ilinin payız semestrində keçirilən fənlərdən müvəffəq olduqlarını diqqətə çatdırıb. Həmçinin, magistrantların ixtisasları üzrə müvafiq dissertasiya mövzularının seçildiyi və kafedra tərəfindən onlara elmi rəhbər təyin olunduğu bildirilib.
Magistrantlar elmi rəhbər ilə razılaşdırılmış dissertasiya mövzusu planı və ilkin ədəbiyyat araşdırması haqqında məlumat veriblər.
Akademiyanın Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova dissertasiya işinin yerinə yetirilmə mərhələləri ilə əlaqəli magistrantlara tövsiyələrini bildirib.
İclasın sonunda kafedra müdiri Elvin Əlirzayev magistrantları fərdi iş planlarının tərtib olunması və dissertasiya işinin yazılış qaydaları ilə tanış edib.
İctimaiyyətlə əlaqələr şöbəsi