DGKA-nı təmsil edən komanda Yaşıl kimya hakatonunda qalib olub
Azərbaycan-Fransız Universitetində UFAZ Sahibkarlıq və İnnovasiya Mərkəzi və UFAZ Kimya mühəndisliyi klubunun təşkilatçılığı ilə Yaşıl Kimya Hakatonu keçirilib.
Müsabiqənin məqsədi yaşıl kimya ilə bağlı real problemlərin həllinə töhfə vermək və daha davamlı gələcək üçün innovativ həllərin hazırlanmasını təşviq etmək olub.
Yarışın ilk günü püşk atma yolu ilə komandalara problemlər təqdim olunub və növbəti gün ərzində ən effektiv həll yolları tapan komandalar qalib olub.
Hakatonda Akademiyanın İnformasiya texnologiyaları ixtisasının II kurs tələbəsi Mirməhəmməd Mənsimovun üzvü olduğu DGKA-nı təmsil edən “BitbyBit” komandasının irəli sürdüyü layihə qalib gələrək II yerə layiq görülüb. Layihənin məqsədi kimya sənayesində istifadə olunan piezo maddələrdən yaşıl enerji regenerasiyası etməkdir.
Sonda qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılıblar.