Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Həmrəylik Günü və Yeni il qeyd olunub

Gömrük Akademiyasında Həmrəylik Günü və Yeni il qeyd olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin, YAP-ın Sabunçu rayon təşkilatının, Bakı Gənclər Mərkəzinin rəhbər şəxsləri və nümayəndələri, Vətən müharibəsi şəhidi Saleh Əliyevin valideynləri, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov dünya azərbaycanlılarının birlik və həmrəyliyindən söz açaraq bu xüsusi günün təsis edilməsinin önəmindən bəhs edib. O, bu əlamətdar tarixin qeyd olunmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulayaraq Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanı dünya azərbaycanlılarının maraqlarının təminatçısı elan etdiyini bildirib. Həmçinin, 44 günlük Vətən müharibəsində də Zəfər qazanmış xalq olaraq həmrəylimizi dünyaya bir daha layiqincə bəyan etdiyimiz qeyd edilib. Q. Novruzov 2024-cü ilin ən önəmli tarixi hadisələrindən söz açaraq Qarabağ Universitetinin açılışını xüsusilə vurğulayıb. O, yola saldığımız ilin Akademiyanın fəaliyyəti ilə bağlı da yaddaqalan olduğunu bildirərək, Akademiyanın il ərzindəki əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs edib.

Akademiya rəisi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun təbriklərini Akademiyanın kollektivinə, professor-müəllim heyətinə və tələbələrinə çatdıraraq, onlara möhkəm can sağlığı, xoş günlər və Akademiyanın tərəqqisi naminə fəaliyyətlərində yeni-yeni uğurlar arzu edib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Vətən müharibəsi şəhidi Saleh Əliyevin anası Solmaz Əliyeva çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib və xoş arzularını çatdırıblar.

Daha sonra 2024-cü ildə Akademiyanı müxtəlif müsabiqə, olimpiada və idman yarışlarında təmsil edərək uğur qazanmış tələbələrə Fəxri Fərmanlar təqdim olunub.

Tədbirdə həmçinin Həmrəylik Gününün tarixini özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbir Akademiya tələbələrinin ifasında bədii kompozisiya ilə davam edib.