DGKA ilə Xploit Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Xploit Ethical Hacking Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Görüşdə qonaqları salamlayan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov İT sahəsinin müasir dövrümüzdəki əhəmiyyətindən, Akademiya ilə kibertəhlükəsizlik şirkətləri arasında qurulan səmərəli əməkdaşlıq əlaqələrindən söz açaraq son dövrlərdə DGK tərəfindən kifayət qədər rəqəmsal həllərin həyata keçirildiyini qeyd edib və qurulan əməkdaşlığın hər iki tərəf üçün uğurlu olmasını arzu edib.
Xploit Akademiyasının təsisçisi və baş direktoru Fərhad Əsgərov tələbələrə IT sahəsində geniş bilik və praktiki təcrübə təqdim edən Akademiyanın fəaliyyəti haqqında məlumat verərək qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə qeyd edib.
Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və Xploit Akademiyasının təsisçisi və baş direktoru Fərhad Əsgərov əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Memoranduma əsasən, tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.