Tələbələrimiz Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olublar
Dövlət Gömrük Komitəsinin Akademiyasının Beynəlxalq Ticarət və Logistika ixtisası IV kurs tələbələri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına ekskursiya təşkil olunub. Akademiyanın "Beynəlxalq nəqliyyat əməliyyatları" fənni üzrə tədrisə cəlb olunan müəllimi, dosent Nicat Kərimovun təşəbbüsü ilə təşkil olunan ekskursiya zamanı tələbələrə limanda həyata keçirilən logistik əməliyyatlar, limanın iş prinsipləri, limanın idarəedilməsi və gələcək karyera imkanları ilə bağlı ətraflı məlumat verilib.
Tələbələr limanın yaşıl və qırmızı zonasında yerləşən bərə terminalı, RoRo terminalı və ümumi yük terminalını, o cümlədən saxlama anbarını əyani şəkildə gəzərək mütəxəssislər tərəfindən məlumatlandırılıblar.
Ekskursiya tələbələrə semestr ərzində öyrəndikləri nəzəri bilikləri praktiki şəkildə və Azərbaycan nümunəsində tam mənimsəmələrinə dəstək olub.
Qeyd edək ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC müasir əməliyyat sistemləri ilə müxtəlif növ yüklərin operativ yükaşırmasını təmin edir. Liman, Transxəzər Beynəlxalq Nəqliyyat Marşutunun mühüm hissəsi olaraq 13 körpü və geniş anbar sahələri ilə xidmət göstərir və keçən il yükaşırma həcmi 7 milyon tondan çox artaraq regionun ilk Yaşıl Limanı sertifikatını əldə edib.