Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın tələbələri “Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihədə iştirak ediblər

DGKA-nın tələbələri “Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihədə iştirak ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihə həyata keçirilib.

Layihə çərçivəsində keçirilən tədbirdə digər ali təhsil müəssisələrinin və Bakı Gənclər Mərkəzinin könüllüləri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.

Layihənin məqsədi Ulu Öndər Heydər Əliyevin irsini gənclərə öyrədərək, onların Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişafında fəal iştirakını təmin etməkdir.

Tədbirin açılış hissəsində çıxış edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva və Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov gəncləri salamlayaraq layihənin önəmindən bəhs ediblər.

Üç günü əhatə edən siyasi kursun məruzəçiləri Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" ictimai birliyinin sədri Zərifə Quliyeva, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, YAP İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü Amin İsmayılov və Milli Məclisin deputatı “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə olmuşdur.

“Heydər Əliyev: Zaman, şəxsiyyət və əbədiyyət faktoru”, “Heydər Əliyev və gənclər siyasəti”, “Elm və təhsilin inkişafında Heydər Əliyev mərhələsi”, “Heydər Əliyevin həyat və fəaliyyəti əsl dövlətçilik məktəbidir” mövzularında çıxış edən natiqlər Ümummilli liderin zəngin siyasi irsi haqqında ətraflı məlumat veriblər.

Layihədə gəncləri maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda iştirakçı gənclərə fəxri diplomlar təqdim olunub.