Baş səhifə
Xəbərlər
Akademiya
Koreya Gömrük Xidmətinin İnsan Resurslarınının İnkişafı İnstitutu ilə əməkdaşlığın 5 ili münasibətilə müzakirələr keçirilib
Koreya Gömrük Xidmətinin İnsan Resurslarınının İnkişafı İnstitutu ilə əməkdaşlığın 5 ili münasibətilə müzakirələr keçirilib
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Koreya Respublikası Gömrük Xidmətinin Gömrük İnsan Resurslarının İnkişafı İnstitutu (CHRDI) arasında ikitərəfli əməkdaşlıq və layihələr üzrə tərəfdaşlığın 5-ci ili münasibətilə CHRDI nümayəndə heyəti ilə DGKA-da görüş keçirilib.
Nümayəndə heyətinin ölkəmizə səfəri hər iki ölkənin gömrük sistemləri üzrə təcrübələri paylaşmaq və 2020-2024-cü illərdəki əməkdaşlığı qiymətləndirib yeni əməkdaşlıq imkanlarını müəyyənləşdirmək məqsədini daşıyıb.
Görüşdə qonaqları salamlayan Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti, gömrük sistemində tətbiq edilən layihələr barədə ətraflı məlumat verib və iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək kadr potensialının daha da inkişaf etdirilməsindən və əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.
İnstitutun İnsan resursları inkişafı bölməsinin müdiri Kim Kyounqo iki qurum arasında əməkdaşlıq və layihələr sahəsində işgüzar münasibətlərin genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, müzakirələrin yeni əməkdaşlıq imkanlarının yaradılmasına töhfə verəcəyinə əminliyini vurğulayıb.
Görüşdə Akademiyanın beynəlxalq əməkdaşlıq və layihələr koordinatoru Elvin Mecidov Azərbaycanda gömrük sahəsində təlim sistemi, beynəlxalq əməkdaşlıq və layihələr haqda geniş təqdimatla çıxış edərək CHRDI ilə 2020-ci ildə qurulmuş ikitərəfli əməkdaşlığın əhəmiyyətindən bəhs edib. O, müəllifi və koordinatoru olduğu 2 beynəlxalq layihədə - Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən seçilib maliyyələşdirilmiş “Azərbaycan üçün Gömrük İKT Potensialının Artırılması” (2022-2024) layihəsində və Avropa İttifaqı tərəfindən Erasmus+ proqramı çərçivəsində seçilmiş “Excellent MA ITCLSC” (dünyanın ilk birgə beynəlxalq gömrük, beynəlxalq ticarət, logistika və təchizat zənciri magistratura proqramının yaradılması) layihəsində CHRDI-nin tərəfdaşlığının və gələcək fəaliyyətlərinin mühüm rolunu vurğulayıb.
CHRDI əməkdaşları KGX-nin kadrları üçün həyata keçirilən təlim və inkişaf strategiyaları və beynəlxalq əməkdaşlıq və layihə fəaliyyətləri haqqında geniş təqdimatla çıxış ediblər.
Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.
Qeyd edək ki, səfər Azərbaycanla Koreya arasında gömrük xidməti fəaliyyəti sahəsində təlim və insan resurslarının inkişaf sisteminin təkmilləşdirilməsi, kadr potensialının daha da artırılması sahəsində qarşılıqlı faydalı əməkdaşlıq və layihə fəaliyyətlərinin inkişaf etdirilməsi baxımından faydalı olmuşdur.