Baş səhifə
Xəbərlər
Akademiya
“Vətən müharibəsi şəhidi Muxtar Qasımlının qəhrəmanlıq hekayəsi” adlı tədbir keçirilib
“Vətən müharibəsi şəhidi Muxtar Qasımlının qəhrəmanlıq hekayəsi” adlı tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Vətən müharibəsi şəhidi Muxtar Qasımlının xatirəsinə həsr olunan "Qəhrəman Muxtar Qasımlı" adlı sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, şəhidin valideynləri Almaz Qasımova və Əli Qasımov, 44 günlük Vətən müharibəsi qazisi Rafiq Rəhimov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbirin açılışında ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə "Qəhrəman Muxtar Qasımlı" adlı sənədli filminin həm də prodüseri və bədii rəhbəri olan, qəhrəman şəhidimizin valideynləri Əli Qasımov və Almaz Qasımova çıxış edərək övladlarının qəhrəmanlığından, Vətənə olan sevgisindən və döyüşdəki fədakarlığından bəhs ediblər. Filmin ərsəyə gəlməsindən söz açan valideynlər ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Muxtarın da ömür yolunun gənclərimiz üçün örnək olduğunu vurğulayıblar.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək Muxtar Qasımlının qəhrəmanlıq hekayəsinin yalnız şəxsi bir mübarizə olmadığını, eyni zamanda bütün xalqın vətən uğrunda apardığı mübarizənin simvolu olduğunu qeyd edib. Q. Novruzov bu cür layihələrin cəmiyyətin birlik və həmrəylik ruhunu gücləndirmək baxımından vacib olduğunu bildirərək filmin, cəmiyyətə olan təsirinin və yeni nəsilin yetişməsindəki rolunun əhəmiyyətindən bəhs edib.
Tədbirdə digər çıxış edənlər də filmin önəmindən danışaraq, şəhidlərimizin bizə miras qoyduğu azadlıq və müstəqillik dəyərlərinin gənclərimizdə qəhrəmanlıq hissini gücləndirəcəyini və milli kimliyimizin qorunmasında əvəzsiz rol oynayacağını vurğulayıblar.
Çıxışlardan sonra “Qəhrəman Muxtar Qasımlı” sənədli filmi nümayiş olunub. Ekran işində fitnes üzrə Azərbaycan çempionu, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi Muxtar Qasımlının döyüş yolu, uşaqlıq dövrü, məktəb illəri, idman sahəsində əldə etdiyi uğurlar, iş həyatı filmin süjet xəttini təşkil edib.