Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir
Gömrük Akademiyası Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir
Dövlət Gömrük Komitəsini Akademiyasının rəhbərliyi və əməkdaşları Türkiyədə səfərdə olub və bir sıra universitetlərlə əməkdaşlığa dair görüşlər keçiriblər. Səfər çərçivəsində Akademiyanın rəisi, gömrük xidməti general mayoru Qulu Novruzov, Beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru Elvin Mecidov və İnformasiya texnologiyaları və texniki elmlər kafedrasının aparıcı müəllimi Sefa Bakan əməkdaşlıq sazişlərinin imzalanması məqsədilə İzmir Yüksək Texnologiya İnstitutu (IZTECH), İstanbul Aydın Universiteti və Altınbaş Universitetində olublar.
Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunda keçirilən görüşdə iki universitet arasındakı gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilib. Daha sonra DGKA rəisi Qulu Novruzov və IZTECH-in rektoru Prof. Dr. Yusuf Baran arasında ikitərəfli Əməkdaşlıq Memorandumu imzalanıb. Qeyd edək ki, tərəflər arasında əməkdaşlığın qurulması prosesi 2024-cü ilin birinci yarısında aparılmışdır.
Altınbaş Universitetin rektoru Prof. Dr. Çağrı Erhanla keçirilən görüşdə müzakirələrin nəticəsi olaraq Avropa İttifaqının Erasmus+ proqramı, beynəlxalq layihələr, kibertəhlükəsizlik və hər iki ölkə üçün aktual olan beynəlxalq ticarət məsələləri üzrə birgə tədqiqatları genişləndirmək barədə razılığa gəlinib. Bu məqsədlə, 2021-ci ildə Bakıda imzalanmış mövcud Anlaşma Memorandumu yenilənib və imzalanıb. Xatırladaq ki, əvvəlki Memorandum əsasında tələbələrimiz Altınbaş Universitetinin tələbə mübadiləsi proqramında iştirak etmişdirlər.
İstanbul Aydın Universitetin rektoru Prof. Dr. İbrahim Hakkı Aydın ilə təşkil edilən görüşdə isə ikitərəfli əməkdaşlığın qurulması, tələbə və işçi mübadiləsi, beynəlxalq layihələr, Erasmus+ proqramı çərçivəsində birgə tədqiqatlar və bilik mübadiləsi tədbirləri, həmçinin sektoral əməkdaşlıq kimi prioritetlər müzakirə edilib. Daha sonra Əməkdaşlıq Protokolu və Tələbə Mübadiləsinə dair Xüsusi Saziş imzalanıb.
Səfər çərçivəsində həmçinin Türkiyənin kibertəhlükəsizlik şirkətləri ilə əməkdaşlıq müzakirələri keçirilib. İzmir Yüksək Texnologiya İnstitutunun Texnoparkında fəaliyyət göstərən "Parta Networks" şirkətinin (Parta İnformasiya Texnologiyaları Proqram Təminatı və Məsləhətçilik Məhdud Məsuliyyətli Cəmiyyəti) Baş icraçı direktoru Destan Yılancı ilə keçirilən görüşdə kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib və ikitərəfli əməkdaşlıq sazişi imzalanıb. “GAİS” Kiber Təhlükəsizlik şirkəti ilə isə mövcud olan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib.
Müzakirələrdə DGKA rəisi Qulu Novruzov Azərbaycan ilə Türkiyə arasında mövcud olan səmimi dostluq və qardaşlıq əlaqələrindən söz açaraq təhsil sahəsində də əməkdaşlığın vacibliyini qeyd edib. O, Azərbaycanın işğaldan azad edilmiş torpaqları ilə bağlı yeni təhsil gündəliyinin əhəmiyyətini vurğulayaraq bu ərazilərin təhsil və elmi fəaliyyət sahəsində inkişafının Azərbaycanın yeni strateji prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.