Estoniyanın “Kood” şirkəti ilə Gömrük Akademiyasında görüş
Dövlət Gömrük Komitəsinin Akademiyasının beynəlxalq əməkdaşlıq fəaliyyəti çərçivəsində Estoniyanın “Kood” şirkətinin baş icraçı direktoru Lauri Haav və Tallin Universitetinin keçmiş kansleri, peşəkar mütəxəssis Monika Salu ilə əməkdaşlıq imkanlarına dair görüş keçirilib.
Görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın yaranması, tədris prosesi, beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib və iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Görüşdə rəqəmsal həllər və proqram təminatının inkişafı üzrə ixtisaslaşmış “Kood” şirkətinin fəaliyyət istiqamətləri haqqında məlumat verilib, Akademiya ilə təcrübə mübadiləsinin aparılmasının, birgə layihələrin təşkilinin mümkünlüyü vurğulanıb.
Daha sonra Akademiyanın Beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru Elvin Mecidov Akademiyanın fəaliyyəti, İKT sahəsində layihələr və proqramlar, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetlər, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr haqqında təqdimatla çıxış edib.
Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.