Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşı Dayanıqlı Layihə Meneceri beynəlxalq sertifikatı ilə təltif olunub

Gömrük Akademiyasının əməkdaşı Dayanıqlı Layihə Meneceri beynəlxalq sertifikatı ilə təltif olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasının Beynəlxalq əməkdaşlıq və layihələr koordinatoru Elvin Mecidov ABŞ-da yerləşən və dayanıqlı layihə idarəçiliyi sahəsində dünya lideri olan “GPM Global” təşkilatının beynəlxalq sertifikatlaşdırma imtahanı nəticəsində beynəlxalq səviyyədə tanınan “Certified Green Project Manager” (CGPM; Dayanıqlı/Yaşıl Layihə Meneceri) sertifikatı ilə təltif olunub. Bu, Azərbaycan gömrük orqanları arasında yaşıl və dayanıqlı layihələr və proqramlar idarəçiliyi sahəsində həmin proqram üzrə ilk və tək, Azərbaycan üzrə isə 4-cü "GPM Global" sertifikatıdır.

CGPM sertifikatı layihələrin və proqramların idarəçiliyində dayanıqlılığın bütün aspektlərini, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (SDG) və GPM Global təşkilatının bu sahədə standartlarını və metodologiyalarını əhatə edir. Təşkilat layihələrin, proqramların və müəssisələrin idarəçiliyində ekoloji, sosial və iqtisadi aspektlərə diqqət yetirərək ümumi dayanıqlılığı təmin etmək məqsədi daşıyır. Onun əsas çərçivəsi olan P5™ Standartları (“People, Planet, Prosperity, Process, Products”) ilə layihələrin və proqramların bütün aspektlərdə dayanıqlılıq əsasları ilə performansı qiymətləndirilir. Xüsusilə, təşkilatın əsas metodologiyası PRiSM™ (“Projects integrating Sustainable Methods” – Dayanıqlı Metodlara malik Layihələr) dayanıqlı metodlarla layihələrin yaradılması və idarə olunması üzrə qlobal mexanizmləri müəyyənləşdirir. CGPM sertifikatı həm də “PRiSM™ Practitioner” (PRiSM Eksperti) statusunu özündə birləşdirir.

Akademiyanın əməkdaşı Elvin Mecidovun beynəlxalq sertifikatlı dayanıqlı layihə meneceri statusu həm də cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası tərəflərinin 29-cu Konfransı (“COP 29”) kimi mühüm bir tədbir ərəfəsində Azərbaycanın ali təhsil müəssisələrinin dayanıqlı layihə idarəçiliyi və dayanıqlılıq sahəsindəki nailiyyətlərini bir daha vurğulayır. Gömrük xidməti sahəsində isə CGPM eyni zamanda “Yaşıl Gömrük” konsepsiyasına uyğun olaraq, gömrük fəaliyyətində dayanıqlı metodlarla layihələrin və proqramların yaradılması və idarə olunması üçün potensialın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ABŞ-da yerləşən “GPM Global” təşkilatının beynəlxalq sertifikatlaşdırma imtahanı ölkəmizdə həmin təşkilatın rəsmi Akkreditasiyalı Tərəfdaşı olan “PMO.AZ” şirkəti tərəfindən, imtahan nəticələrinin yoxlanılması və beynəlxalq sertifikatların verilməsi isə “GPM Global” təşkilatının baş ofisi tərəfindən həyata keçirilir.


Fayllar: