Gömrük Akademiyasında “Açıq qapı günü” keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında abituriyentlər üçün “Açıq qapı günü” keçirilib. 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslarla bağlı məlumat almaq və Akademiya ilə tanış olmaq məqsədilə təşkil olunan görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, tələbələri, abituriyentlər və onların valideynləri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Qulu Novzurov Akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat verərək Dövlət Gömrük Komitəsinin rəhbərliyinin diqqət və qayğısı sayəsində Akademiyada tələbələr üçün yaradılan şəraitdən bəhs edib. Dövlətimizin davamlı inkişafı naminə vətənpərvər, hərtərəfli biliklərə malik savadlı gəncliyin yetişdirilməsinin önəmini qeyd edən Akademiya rəisi sonda bütün abituriyentlərə tələbə adını qazanmağı arzulayıb.
Daha sonra Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov Akademiyanın fəaliyyəti, tədris prosesi, nailiyyətləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimatla çıxış edib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda abituriyentlər Akademiyada yaradılan şərait və infrastrukturla yaxından tanış olublar.