Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi-praktiki konfrans keçirilib

Gömrük Akademiyasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi-praktiki konfrans keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya naminə davamlı inkişaf” adlı elmi-praktiki konfrans keçirilib.

Tədbirin əvvəlində respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəis müavini, prof. Cəmilə Namazova yaşıl iqtisadiyyata keçid strategiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini qeyd edərək COP29 konfransına bu il ölkəmizin ev sahibliyi etməsinin mühüm hadisə olduğunu vurğulayıb. O, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyini bildirərək ekoloji şüurun inkişaf etdirilməsi, təbii, mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini qeyd edib. Daha sonra Cəmilə Namazova “Yaşıl iqtisadiyyat və yaşıl maliyyə” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda Akademiyanın əməkdaşları və tələbələr “İnformasiya texnologiyalarının yaşıl dünyada rolu”, “Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrinə keçid”, “İqtisadiyyatda yeni era: “Yaşıl təfəkkürün formalaşması”, “Yaşıl nəqliyyat və gömrük”, “Ekologiya hüququnun hüquq sistemindəki yeri və əsas prinsipləri”, “Economic impact of Climate Change: Perspectives from COP29”, “Water scarcity and management” və s. mövzularda təqdimatla çıxış ediblər.

Tədbirdə eyni zamanda mövzu ilə bağlı videoçarx nümayiş olunub.