Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak ediblər

Türkiyənin Balıkesir Universitetində “İnzibati hüquq və inzibati yurisdiksiyaya dair IV beynəlxalq konfrans” keçirilib. “Yeni texnologiyalar, informasiya texnologiyaları, süni intellekt” mövzusunda keçirilən və 3 gün davam edən konfransda Azərbaycan da daxil olmaqla Özbəkistanın, Qazaxıstanın və digər ölkələrin ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Cəmilə Namazova və Akademiyanın “Hüquq və humanitar elmlər” kafedrasının müdiri Hakim Əzizov da iştirak ediblər.

Konfransda Balıkesir Universitetinin rektoru prof. Yücel Oğurlu açılış nitqi ilə çıxış edərək Türkiyədən və xaricdən 9 universitetin qatıldığı konfransa ev sahibliyi etməkdən qürur duyduqlarını bildirib. Rektor inzibati hüquq sahəsində professorları və gənc hüquqşünasları bir araya gətirən və müxtəlif dillərdə ümumilikdə 65 məqalənin təqdim edildiyi konfransın təşkilinə görə əməyi keçən hər bir kəsə təşəkkür edib.

Tədbirin açılışında çıxış edən Akademiyanın rəis müavini, prof. Cəmilə Namazova Azərbaycan ilə Türkiyə arasında mövcud olan səmimi dostluq və qardaşlıq əlaqələrindən söz açaraq konfransın əhəmiyyətindən bəhs edib. Rəis müavini konfransın tərəfdaşı olmaqdan məmnunluğunu ifadə edərək, bundan sonra da Akademiya ilə Balıkəsir Universiteti arasında yaranan səmərəli əməkdaşlıq əlaqələrinin davamlı olacağına əminliyini vurğulayıb.

Daha sonra digər çıxışçılarla yanaşı Özbəkistanın Ali təhsil, Elm və İnnovasiyalar nazirinin müavini Dr. Conibek Tavakalov da çıxış edərək tədbirin Avropa və Müstəqil Dövlətlər Birliyinin ali təhsil müəssisələrinin tədqiqatçıları üçün böyük təcrübə olduğunu bildirərək konfransın işinə uğurlar arzulayıb.

Sessiyalarla öz işini davam etdirən konfransda Akademiyanın kafedra müdiri Hakim Əzizov “Gömrük sahəsində süni intellektin və kibertəhlükəsizliyin rolu” mövzusunda Azərbaycan dilində, Akademiyanın müəllimi Lalə Məmmədli ilə birgə isə “İnzibati mübahisələrin həllində süni intellektin rolu” mövzusunda ingilis dillində məqalələrlə çıxış edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.