Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Gömrük Akademiyasında 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 106 il əvvəl mürəkkəb geosiyasi şəraitdə müstəqil Azərbaycan dövlətinin yaradılmasından danışaraq bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarına öz təbriklərini çatdırıb. Q. Novruzov çıxışında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətimizin əbədiliyinin təmin olunduğunu, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qəhrəman oğullarımızın canı-qanı bahasına ölkəmizin suverenliyinin tam bərpa olunduğunu qeyd edərək Azərbaycan xalqının rifahının, əmin-amanlığının davamlı olmasını arzu edib.

Akademiyanın rəis müavini Cəmilə Namazova tədbirdə çıxış edərək xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 28 May - Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs edib. C. Namazova Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından böyük önəm kəsb etdiyini vurğulayıb. O, çıxışında ölkəmizin müstəqillik dövründə keçdiyi müasir inkişaf yolunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini də xüsusilə vurğulayıb.

Tədbirdə çıxış edən Akademiyanın müəllimi, tarix üzrə fəlsəfə doktoru Samir Həsənov ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq qısa müddət ərzində əldə olunan nailiyyətlər və dövlət quruculuğu prosesində həyata keçirilən tədbirlər barəsində danışıb. Artıq xalqımızın Müstəqillik Gününü daha qürurlu şəkildə, qalib xalq kimi qeyd etdiyini deyən natiq ərazi bütövlüyü bərpa olunan müstəqil dövlətimizin bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tarixdə özünün ən güclü dövrünü yaşadığını qeyd edib.

Daha sonra Hüquqşünaslıq ixtisasının II kurs tələbəsi Əminə Əhmədova “Azərbaycanın İstiqlal Bəyannaməsi” mövzusunda məruzə ilə çıxış edib.

Çıxışlardan sonra 28 May - Respublika Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.