Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfdaş olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi” (DIRNA) adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Yüvəskülə Universitetində (University of Jyväskylä) keçirilən təlim proqramında təmsil olunub. Ölkəmizin 7 ali təhsil müəssisəsinin, İtaliyanın L’Aquila Universitetin və Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndələrinin qatıldığı təlimdə Akademiyanın kitabxanasının əməkdaşı və layihə komandasının üzvü Aysel Cəfərzadə və İKT-nin Tətbiqi şöbəsinin böyük mütəxəssisi Aslan Hüseynov iştirak ediblər.
Təlimin məqsədi bütövlükdə elmin və elmi tədqiqat məhsullarının əlçatanlığı üçün Avropanın qabaqcıl ali təhsil müəsissələrindən biri olan Yüvəskülə Universitetinin inkişaf etmiş İnstitusional Tədqiqat İnformasiya Sistemi, Açıq Data, Açıq Elm və Açıq Giriş konseptləri, mexanizmləri, imkanları və modellərinin, bu sahədə Yüvəskülə Universitetinin beynəlxalq əməkdaşlıq mexanizminin və təcrübəsinin öyrənilməsi olub.
Səfər proqramı çərçivəsində Universitetin İnformasiya Texnologiyaları fakültəsinin əməkdaşları Kati Clements, Saana Mehtala və Universitetin Açıq Elm Mərkəzinin informasiya mütəxəssisləri Universitetin fəaliyyəti, təhsildə İKT-dən istifadəyə yanaşma, süni intellektdən istifadə, Açıq Elm Mərkəzinin fəaliyyəti, açıq girişli xidmətlər, JYX – Universitetin rəqəmsal arxivi, JYKDOK – Universitetin kitabxanasının axtarış sistemi, metaməlumatların keyfiyyəti, tədqiqat məlumatlarının idarə edilməsi kimi mühüm istiqamətlərdə müxtəlif təqdimatlarla çıxış ediblər. Səfər proqramı çərçivəsində layihənin konsorsium iclası keçirilərək, planlaşdırılmış növbəti layihə fəaliyyətləri üzrə konsorsium müzakirəsi təşkil edilib.
Proqramın sonunda təlim iştirakçıları Yüvəskülə Universitetinin sertifikatları ilə təltif olunublar.
2023-2026-ci illəri əhatə edən, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ beynəlxalq konsorsium layihəsinin Finlandiya, İtaliya və Türkiyədəki üç universitetdən başqa Azərbaycanda benefisiar qurumları Xəzər Universiteti (koordinator), Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetidir.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir və Avropa İttifaqının və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Avropa İttifaqı və EACEA onlara görə məsuliyyət daşımır.