Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası BDU-da keçirilən IV Respublika konfransında təmsil olunub

Gömrük Akademiyası BDU-da keçirilən IV Respublika konfransında təmsil olunub

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda tələbələrin IV Respublika konfransı keçirilib. Konfransda digər dörd xüsusi təyinatlı ali təhsil müəssisələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyası da təmsil olunub.

Konfransı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov Universitetdə elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, tələbələrin bu prosesə cəlb edilməsi istiqamətində atılmış mühüm addımlar barədə məlumat verib.

Açılış mərasimində qonaqla çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən İnformasiya və sənəd menecmenti fakültəsi üzrə TEC-in elmi rəhbəri, dosent Rəşad Qardaşov bildirib ki, tədbirin keçirilməsində məqsəd kitabxana-informasiya fəaliyyətində elektron kataloqların və avtomatlaşdırma proseslərinin müasir vəziyyətini və perspektivlərini araşdırmaq, tələbələrdə elmi tədqiqata marağı artırmaq, bu istiqamətdə olan elmi nəticələri müzakirə etməkdir. Builki konfransda tədqiqat obyekti kimi xüsusi təyinatlı ali təhsil müəssisələrinin kitabxanalarının iş təcrübəsinin seçildiyini diqqətə çatdıran Rəşad Qardaşov tələbələrə araşdırma aparmaq üçün şərait yaratdıqlarına görə həmin müəssisələrin rəhbərlərinə, kitabxana əməkdaşlarına təşəkkürünü bildirib.

Respublika konfransında BDU-nun tələbələri 5 xüsusi təyinatlı ali təhsil müəssisəsinin kitabxanalarının iş təcrübəsinin tədqiqi əsasında hazırladıqları təqdimatları nümayiş etdiriblər. Təqdimatlarda xüsusi təyinatlı ali təhsil müəssisələrinin kitabxanalarında rəqəmsallaşdırma prosesləri, istifadə səmərəliliyi, elektron kataloqun axtarış imkanları barədə geniş məlumat verilib, müqayisəli təhlillər aparılıb, təkliflər irəli sürülüb.

Daha sonra digər çıxış edənlərlə yanaşı Gömrük Akademiyasının rəis müavini Cəmilə Namazova da çıxış edərək tələbələrdə elmi tədqiqata maraq artırmaq istiqamətində görülən işlərin önəmindən, Akademiyanın elmi fəaliyyətindən bəhs edərək konfransın təşkilinə görə BDU rəhbərliyinə minnətdarlığını bildirib.