Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası İtaliyada keçirilmiş təlimdə təmsil olunub

Gömrük Akademiyası İtaliyada keçirilmiş təlimdə təmsil olunub

 

 

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfdaş olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi” (DIRNA) adlı Erasmus+ layihəsi çərçivəsində İtaliyanın L’Aquila Universitetində keçirilən təlim proqramında təmsil olunub. Ölkəmizin 7 ali təhsil müəssisəsinin, Finlandiyanın Jivesküle və Türkiyənnin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndələrinin qatıldığı təlimdə Akademiyanın beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru və layihənin DGKA üzrə meneceri Elvin Mecidov iştirak edib.

Təlimin məqsədi bütövlüdə elmin və elmi tədqiqat məhsullarıının əlçatanlığı üçün Avropanın qabaqcıl ali təhsil müəsissələrindən biri olan  L’Aquila Universitetinin inkişaf etmiş İnstitusional Tədqiqat İnformasiya Sistemi, kitabxananın bütöv elektron sistemi və digər italyan universitetləri ilə inteqrə edilmiş şəbəkəsi, Açıq Data, Açıq Elm və Açıq Giriş konseptləri, mexanizmləri, imkanları və modellərinin, bu sahədə italyan universitetlərinin, xüsusilə, L’Aquila Universitetinin beynəlxalq əməkdaşlıq mexanizmlərinin və təcrübələrinin öyrənilməsi olub.

Tədbirdə DIRNA layihəsinin Xəzər Universitetində rəhbəri Dr. Tatyana Zaytseva, L’Aquila Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Prof. Anna Tozzi, tədqiqatlar üzə prorektoru Prof. Benedetta Mattei, universitetin kitabxana rəhbərliyi və əməkdaşları, tədqiqatçıları və alimləri, o cümlədən Tədqiqat və Texnologiya Transferləri sahəsində Layihələrin İdarə olunması Sektorunun əməkdaşı Dr. Massimilano İnnocenzo iştirak edərək müxtəlif təqdimatlarla çıxış ediblər. Səfər proqramı çərçivəsində layihənin konsorsium iclası keçirilərək, layihənin idarə olunması, keyfiyyətə nəzarət və planlaşdırılmış növbəti layihə fəaliyyətləri üzrə geniş konsorsium müzakirəsi təşkil edilib. Proqramın sonunda təlim iştirakçıları L’Aquila Universitetinin sertifikatları ilə təltif olunublar.

2023-2026-ci illəri əhatə edən, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ beynəlxalq konsorsium layihəsinin Finlandiya, İtaliya və Türkiyədəki üç universitetdən başqa Azərbaycanda benefisiar qurumları Xəzər Universiteti (koordinator), Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetidir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir və Avropa İttifaqının və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Avropa İttifaqı və EACEA onlara görə məsuliyyət daşımır.