Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Baş Prokurorluqda olublar

Gömrük Akademiyasının tələbələri Baş Prokurorluqda olublar

Baş Prokurorluqda Dövlət Gömrük Komitəsinin Akademiyasının hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş təşkil edilib. Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq təşkil edilən görüşdə tələbələrlə yanaşı Akademiyanın “Hüquq və humanitar elmlər” kafedrasının müdiri Hakim Əzizov və Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova da iştirak ediblər.

İki gün davam edən görüşün birinci günündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müvafiq sahədə zəruri bilik və təcrübəyə malik əməkdaşları tərəfindən Baş İdarənin strukturu və funksiyaları ilə bağlı təqdimat keçirilib, habelə Baş İdarənin idarə və şöbələrinin fəaliyyəti barədə tələbələrə geniş məlumat verilib. Görüş zamanı gənc hüquqşünaslar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binası ilə tanış olub, “161-Qaynar xətt Əlaqə Mərkəzi”, “Giriş-çıxış və qeydiyyat” İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) istifadə, kitabxana, vətəndaşların qəbulu və kriminalistika avtomaşınından istifadə ilə bağlı əyani şəkildə məlumatlandırılıblar.

Görüşün növbəti günündə tələbələr Baş Prokurorluğun inzibati binalar kompleksi, prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, tarixi-memorial qalereya, kitabxana, istintaq otaqları, tədris auditoriyaları, iclas zalları, həmçinin kriminalistik otaqlar və kriminalistika avtomobilləri ilə tanış olublar.

Tədbirin sonunda prokurorluq orqanlarının fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.