Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşı Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbirdə iştirak edib

Gömrük Akademiyasının əməkdaşı Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbirdə iştirak edib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin, müvafiq nazirliklərin, aidiyyəti dövlət orqanlarının mülki müdafiə sahəsində məsul vəzifəli şəxsləri, rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyalarının sədrləri, beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Katibliyinin rəisi Azər Seyidov da iştirak edib.

Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Toplantını giriş sözü ilə açan FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov mülki müdafiə işinin effektiv təşkilində Beynəlxalq Mülki Müdafiə Təşkilatının rolundan və ölkəmizdə mülki müdafiənin təbliği sahəsində keçirilən tədbirlərdən bəhs edib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyat Mərkəzinin rəisi Davud Rüstəmov, Azərbaycan Respublikasının Kosmik Agentliyinin Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov, FHN-in Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin əməkdaşı Murad Qasımov və digərləri mövzu ətrafında çıxışlar ediblər.

Sonda 1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə, eləcə də təmsil olunduqları təşkilatlarda mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə fərqlənən əməkdaşlar Fövqəladə Hallar Nazirliyi adından “Fəxri fərman”la təltif olunublar.