Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın tələbələri "Antikorrupsiya sahəsində Hüquq Akademiyası" adlı layihənin açılış mərasimində iştirak ediblər
DGKA-nın tələbələri "Antikorrupsiya sahəsində Hüquq Akademiyası" adlı layihənin açılış mərasimində iştirak ediblər
“Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı” İctimai Birliyinin (ELSA Azərbaycan) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə tərəfdaşlıq çərçivəsində "Antikorrupsiya sahəsində Hüquq Akademiyası" adlı layihənin açılış mərasimi keçirilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin inzibati binasında keçirilmiş mərasimdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Gənclər Fondunun səlahiyyətli nümayəndələrinin, digər ali təhsil müəssisələrinin Hüquq fakültələrinin müəllim və tələbələrinin, o cümlədən müvafiq sahədə zəruri bilik və təcrübəyə malik prokurorluq əməkdaşlarının təlimçi qismində iştirak etdiyi tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisasının tələbələri Mədinə Həsənova və Sadiq Bəndiyev də iştirak ediblər.
Üç gün davam edən layihənin əsas məqsədi korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayətlər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallașdırılması və digər əlaqəli hüquqpozmalara qarşı mübarizə sahəsi üzrə ölkəmizdə görülmüş işlərə dair gənclərin maarifləndirilməsi, aparılan mübarizə tədbirlərinin həyata keçirilməsi prosesində gənc nəslin iştirakının təmin edilməsi ilə bağlı onların həvəsləndirilməsi olub.
Açılış mərasimində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov açılış nitqləri ilə çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin aparılmasının vacibliyindən söz açaraq bu istiqamətdə ELSA Azərbaycanın bir çox layihələrə dəstək olduqlarını vurğulayıblar.
Hüquq Akademiyasının ilk günündə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Baş katibi Bayram Orucov, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov, Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Əsmər Əliyeva, ELSA Azərbaycanın Prezidenti Nərminə Hüseynzadə və ELSA Azərbaycanın Xəzinədarı Nazim Çələbiyev çıxış ediblər.