Baş səhifə
Xəbərlər
Akademiya
DGKA ilə AKTA arasında Anlaşma Memorandumu imzalanıb

DGKA ilə AKTA arasında Anlaşma Memorandumu imzalanıb

Cari ilin 6 mart tarixində Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi Turqut Vəliyev, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov, AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov, İdarə Heyətinin üzvləri - “Simbrella” şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov və “A2Z Technologies” şirkətinin marketinq direktoru Malik Rəşidov, o cümlədən Assosiasiyanın və Akademiyanın əməkdaşları iştirak ediblər.

Qonaqları salamlayan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov İT-nin dövlət təhlükəsizliyinin vacib komponentinə çevrildiyini qeyd edərək bu istiqamətdə Akademiya ilə kibertəhlükəsizlik şirkətləri arasında qurulan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib. Qulu Novruzov həmçinin, cənab Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində yeni nəslin yetişdirilməsi ilə bağlı qeyd etdiyi vacib məsələlərə də toxunaraq Akademiyanın ən başlıca hədəfinin mükəmməl təhsil mühiti yaratmaqla əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar yetişdirmək olduğunu diqqətə çatdırıb. Xüsusilə də, 44 günlük Vətən müharibəsində İT sahəsinin vacib rolunu qeyd edən Q. Novruzov bu istiqamətdə qurulan əməkdaşlığın Akademiya ilə yanaşı bütövlükdə Azərbaycan təhsilinin inkişafına töhfə verəcəyinə əminliyi vurğulayıb.

Daha sonra AKTA İdarə Heyətinin sədri Elvin Balacanov ölkəmizin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi məqsədilə hüquqi, təşkilati və elmi-texniki sferalarda həyata keçirilən tədbirlər, eləcə də Assosiasiyanın fəaliyyət istiqamətləri üzrə atdığı addımlar barəsində məlumat verib. “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın Tədbirlər Planında təsbit olunmuş tədbirlərin, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyətin effektiv şəkildə həyata keçirilməsinin ölkədə kadr potensialının sürətlə genişləndirilməsini şərtləndirdiyini qeyd edən AKTA sədri qarşılıqlı maraq doğuran sahələr üzrə DGKA ilə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını qeyd edib.

Görüşdə çıxış edən DGK-nın şöbə rəisi Turqut Vəliyev kibertəhlükəsizliyin müasir dövrümüzdəki əhəmiyyətindən söz açaraq son dövrlərdə Komitə tərəfindən kifayət qədər rəqəmsal həllərin həyata keçirildiyini qeyd edib və qurulan əməkdaşlığın hər iki tərəf üçün uğurlu olmasını arzu edib.

Daha sonra “Ali təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə kadr hazırlığı: problemlər və perspektivlər” mövzusunda təqdimat nümayiş olunub.

Çıxış edən digər qonaqlar da müasir dövrümüzdə kibertəhlükəsizlik sahəsi üzrə kadrlara tələbatda ciddi artımın müşahidə olunduğunu diqqətə çatdıraraq ölkəmizdə kibertəhlükəsizlik üzrə kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini sevindirici hal kimi qiymətləndiriblər.

Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi Qulu Novruzov və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Memorandumda tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.