Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Ukrayna Gömrük və Maliyyə Universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı

Gömrük Akademiyası Ukrayna Gömrük və Maliyyə Universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Ukrayna Gömrük və Maliyyə Universiteti (UGMU) arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

Onlayn formatda keçirilən tədbirdə Gömrük Akademiyasının rəisi Qulu Novruzov, Təhsil və İnnovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov, Beynəlxalq əməkdaşlıq koordinatoru Elvin Mecidov, Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Sevinc Əliyeva və İxtisas fənləri kafedrasının müdiri Elvin Əlirzayev, UGMU tərəfindən isə rektor Dmitro Boçarov, Akademik heyətin sədri, prorektor Viktor Şentsov, Akademik məsələlər üzrə prorektor Yevgen Qarmaş və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vitalii Razjvin iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Akademiya rəisi Qulu Novruzov tədbir iştirakçılarını salamlayıb və Akademiya haqqında məlumat verib. O, Ukrayna ilə Azərbaycan arasında ikitərəfli, xüsusilə də təhsil sahəsindəki geniş və qarşılıqlı faydalı əlaqələrdən söhbət açıb. Qulu Novruzov imzalanan əməkdaşlıq müqaviləsi ilə iki ölkə arasında gömrük təlim-tədrisi üzrə xüsusi tərəfdaşlığın yarandığını vurğulayıb. O, həmçinin bildirib ki, Azərbaycan və Ukrayna beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, biri-birlərinin ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı qələbə nəticəsində Azərbaycan üçün yeni dövrün başlandığını ifadə edən Akademiya rəisi bu yeni dövrdə gömrük kadrlarının potensialının gücləndirilməsi və peşəkar hazırlığının əhəmiyyətindən söz açıb. Akademiyanın rəis müavini Ramiz Hümbətov əməkdaşlıq müqaviləsində göstərilən birgə fəaliyyət istiqamətlərinin önəmini və həyata keçiriləcək ikitərəfli layihələrin gömrük sahəsində ali təhsilin, tədqiqatların, o cümlədən insan resurslarının gücləndirilməsinə xidmət edəcəyini qeyd edib. O,  2-ci Qarabağ müharibəsində Azərbaycanın milli zəfərinin bütövlükdə ali təhsil üçün yeni imkanlar və çağırışlar yaratdığını bildirib.

UGMU-nun rektoru Dmitro Boçarov Ukrayna-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. O, ikitərəfli akademik əməkdaşlıqda gömrük təhsili və təlimləri üzrə birgə yeni tərəfdaşlıq istiqamətinin yaradılmasını diqqətə çatdırıb.

UGMU-nun prorektorları Viktor Şentsov və Yevgen Qarmaş qarşılıqlı mübadilələrin həyata keçiriləcəyindən məmnunluqlarını ifadə ediblər.

Akademiya ilə UGMU-nun beynəlxalq əməkdaşlığı və layihələri haqda danışan Elvin Mecidov və Vitalii Razjvin ikitərəfli müqavilə çərçivəsində həyata keçiriləcək tədbirlər, həmçinin digər tərəfdaşlıq formaları haqda öz fikirlərini bildiriblər. Covid-19 pandemiyası dövründə ali təhsil müəssisələri arasında qarşılıqlı dəstəyin və birgə layihələrin önəmini ifadə ediblər. Vitalii Razjvin UGMU-nun xarici əlaqələri üzrə prioritetləri arasında DGKA ilə tərəfdaşlığın əhəmiyyətini qeyd edib.

UGMU-nun mütəxəssisi və DGKA mütəxəssisi Sevinc Əliyeva təqdimatlarla çıxış ediblər. Hər iki ali təhsil müəssisəsinin  təlim-tədris sistemi, proqramları, imkanları, həmçinin Azərbaycan və Ukrayna gömrük xidmətləri üçün kadr hazırlığı və potensialının gücləndirilməsindəki rollarını vurğulayaraq, hər iki qurumun missiyaları, dəyərləri, funksiyaları, potensial və imkanlarını diqqətə çatdırıblar.

Sonra əməkdaşlıq müqaviləsinin imzalanması həyata keçirilib.

Sənədi Akademiya rəisi Qulu Novruzov və UGMU rektoru Dmitro Boçarov imzalayıblar.

Qeyd edək ki, iki qurum arasında tərəfdaşlığın qurulması üçün əlaqələr və danışıqlar Gömrük Akademiyasının beynəlxalq əməkdaşlıq fəaliyyətləri çərçivəsində Akademiyanın təşəbbüsü ilə cari ilin mart ayında başlanılıb, noyabr ayında müqavilənin yekun versiyasının razılaşdırılması ilə nəticələnib. Gömrük və əlaqədar sahələrdə fəaliyyət göstərən iki ali təhsil müəssisəsi arasında müqavilə çərçivəsində fakultə və heyət mübadilələri, gömrük təlimləri, gömrük və əlaqədar sahələrdə ixtisasartırma və peşəkar inkişaf, birgə təcrübə proqramları, tədqiqatlar, tədbirlər, akademik və digər informasiya resurslarının paylaşılması, birgə kurrikulumların inkişaf etdirilməsi, beynəlxalq və Avropa proqramlarında birgə iştirak, eləcə də beynəlxalq əməkdaşlıqda qarşılıqlı dəstək nəzərdə tutulur.


İctimaiyyətlə əlaqələr şöbəsi