Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının iştirakı ilə debat keçirilib

Gömrük Akademiyasının iştirakı ilə debat keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tələbələri arasında Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə həsr olunmuş “Müharibə cinayətləri törətmiş təqsirləndirilən şəxsin dindirilməsi zamanı psixi zorakılığa yol vermək olar” mövzusunda debat keçirilib.

Polis Akademiyasının Kriminalistika kafedrasının təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin Akademiyası ilə birgə keçirilən tədbirdə ilk olaraq Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Təhsil və tədqiqat sahəsində iki xüsusi təyinatlı ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə keçirilən tədbirdə çıxış edən Polis Akademiyasının rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov debatı açıq elan edərək qonaqları salamlayıb və Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra Kriminalistika kafedrasının müəllimi, polis kapitanı İsmayıl Əmirli və Dövlət Gömrük Komitəsinin Akademiyasının Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova çıxış edərək Həmrəylik gününün milli birlik, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirdiyini qeyd edib, tələbələrdə rasional şəkildə müzakirə aparmaq, tənqidi və yaradıcı düşünmək bacarığını formalaşdırmaq məqsədilə keçirilən müsabiqənin əhəmiyyətindən bəhs ediblər.

Yarışda Dövlət Gömrük Komitəsinin Akademiyasını II kurs tələbələri Rəşad Zeynalov, Nilufər Məmmədli və Aydan İsmayılova inkar, Polis Akademiyasını əyani təhsil üzrə III kurs kursantları Qəfər Bədəlov, Erol İsayev və Ramin Məmmədov isə təsdiq mövqeyində təmsil etməklə çıxış ediblər. Qarşılıqlı çəkişmə və sual-cavab nəticəsinə əsasən sonda hakimlər hər iki komandanı qalib elan ediblər.