DGKA ilə AGTL arasında Anlaşma Memorandumu imzalanıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə Anlaşma Memorandumu imzalanıb.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq ikitərəfli əməkdaşlığın gələcək perspektivlərindən söz açıb. Akademiyanın ən başlıca hədəfinin mükəmməl təhsil mühiti yaratmaqla əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar yetişdirmək olduğunu qeyd edən Q. Novruzov təcrübə proqramlarının təşkili, məzunların işlə təmin olunması, akademik sahədə püxtələşmiş mütəxəssislərin Akademiyanın tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlərə toxunub. Akademiyanın rəisi imzalanacaq memorandumun qarşılıqlı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirəcəyinə əminliyi vurğulayıb.
Görüşdə Assosiasiyanın icraçı direktoru Vüsal Qasımov Akademiyanın fəaliyyətinə töhfə verəcək əməkdaşlıqdan məmnunluq duyduqlarını bildirib. V. Qasımov qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə qeyd edib.
Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının icraçı direktoru Vüsal Qasımov birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Memorandumda tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.